Fevralın 18-də Azərbaycan Dillər Universitetində Hebru Universitetinin doktoru, Ches mərkəzinin rəhbəri, professor Semion Qoldin universitetin Regionşünaslıq və Beynəlxal münasibətlər fakültəsində İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə “İsraildə tarixi yaddaş” mövzusunda mühazirə oxudu. Mühazirədə professor Semion Qoldin İsrail dövlətinin yaranmasından söz açdı. O, yəhudi xalqı üçün bu dövlətin önəmini vurğuladı və yəhudilərin tarixi yaddaşı olan Holokost faciəsindən danışdı. Professor bu faciədə insanların necə məhv edilməsi, ölüm düşərgələrinə aparılması haqqında tələbələrə ətraflı məlumat verdi. Çıxışında Holokostla Xocalı faciəsini qarşılaşdıraraq müqayisə edən professor və bu kimi faciələrin dünyaya çatdırılması üçün atılacaq vacib addımlardan danışdı. Semion Qoldin eyni zamanda tarixi yaddaşı əks etdirən Yad Vaşem muzeyi haqqında da tələbələrə məlumat verdi.
Sonda tələbələrin sualları cavablandırıldı.
Qeyd edək ki, Hebru Universitetinin doktoru, Ches mərkəzinin rəhbəri, professor Semion Qoldin mühazirədən əvvəl universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovla görüşdü. Görüşdə universitetdə İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə mühazirələrin təşkil olunması və Hebru Universitetindən professorların ADU-ya dəvət olunması məsələləri ətrafında müzakirələr aparıldı.
Onu da qeyd edək ki, Hebru Universitetinin doktoru, Ches mərkəzinin rəhbəri, professor Semion Qoldin tələbələrə sabah “Mavrlardan mavritan stilinə-İspaniya irsi və müasir yəhudi identikliyinin yaranması” mövzusunda mühazirə oxuyacaq.


Modern.az