Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı yarışmasında final gecəsi keçirildi və səsvermələr nəticəsində həmyerlimiz Elnur Hüseynov qələbə qazandı. Elnurun qələbəsi Azərbaycanda da böyük seüvinclə qarşılandı.
Müğənni, əməkdar artist Tünzalə Ağayeva Modern.az-a açıqlamasında Elnur Hüseynovun qələbə qazanması münasibətilə səhərə qədər yatmadığını bildirdi. “4 gün öncə Elnurla birlikdə İstanbulda idim. Onun da əhvalı olduqca yüksək idi. Ümid edirdi ki, qələbə qazanacaq. Elnura Bakıda da , Bakıdan kənarda da dəstək olanlardan biri mən olmuşam. Onun qələbə qazandığına çox sevindim, səhərə qədər sevincimdən yata bilmədim. Mən əminəm ki, Elnurun uğurları daha da çox olacaq”.“Avroviziya” mahnı müsabiqəsinin 2011-ci ildə qalibi olan Nigar Camal da Modern.az-a Elnur Hüseynovla bağlı təəssüratlarını bölüşüb. “Hər kəs kimi mən də Elnurun qələbəsinə sevindim. Yarışmanın ilk günlərindən səsi ilə hər kəsi heyrətə qoymuşdu. Qalib gələcəyinə mən də əmin idim. O, Azərbaycanı qardaş ölkədə layiqincə təmsil etdi”.
Ulduz İbrahimova