Hərəkatımız 2 il öncə həm ölkə içində, həm də ölkə xaricində oxuyan gənclər tərəfindən qurulub. Məqsəd bir düşüncənin, dalğanın ölkədə formalaşmasıdır”.
Bunu Modern.az saytına D18 hərəkatının sədri Ruslan İzzətli deyib. O bildirib ki, D18 öz düşüncə və ideologiyası ilə həm iqtidardan, həm də müxalifətdən fərqlənməyə çalışır.
Onun sözlərinə görə hərəkatın bir özəlliyi də odur ki, fəaliyyət və əməkdaşlıqda heç zaman şəxslərə yox, kütlələrə və dəyərlərə üstünlük verirlər.
“Bizdə ancaq yeni simalar fəaliyyət göstərir. Başqa qurumlar kimi hər partiyadan 5-6 nəfəri bir yerə yığıb yenilik adı ilə təqdim etmirik”,-deyə Ruslan İzzətli söyləyib.
Ruslan İzzətli D18 hərəkatının qarşıdan gələn parlament seçkilərində iştirakı məsələsinə də toxunub:
“Hərəkatımız bu il keçirilən parlament seçkilərində ilk dəfə olaraq iştirak edəcək. Bizim üçün yeni gəncliyin təqdim olunması çox önəmlidir. Seçkilərdə mən özüm, eləcə də məndən başqa bir neçə nümayəndəmiz deputatlığa namizədliyini verəcək. İlkin düşüncəmiz odur ki, hərəkat tək seçki bloku ilə seçkiyə gedəcək. Amma bizim ideya və düşüncəmizə yaxın qurum olarsa, onunla əməkdaşlıq edə bilərik.
Cümhuriyyət dəyərlərini daşıyan hər bir qurum bizim üçün dostdur”.
Ruslan İzzətli Ümid Partiyası sədri İqbal Ağazadə və bir neçə ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxsin təşəbbüsü ilə bir il bundan öncə yaradılmış 125-lər klubunun fəaliyyətini də şərh edib. O 125-lər klubunun perspektivi ilə bağlı deyib:
“İnanmaq istərdim ki, uğurlu qurum olacaq”.D18 hərəkatının rəhbəri Ümid Partiyası sədrinin müavinliyindən istefa verdikdən sonra yenidən bu siyasi təşkilata qayıtmasını düşünməsi barədə suala isə belə cavab verib:
“Keçmiş haqqında düşünmək istəmirəm, əsas gələcəyə baxıram. Təklif haqqında heç bir şey demək istəmirəm. O məsələ mənim üçün bitib”.
Qeyd edək ki, Ruslan İzzətli 2013-cü il prezident seçkisindən sonra Ümid Partiyasının sədrinin müavini vəzifəsindən istefa verdiyini bəyan edib.
Ulduz İbrahimova