Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin işi üzrə məhkəmə prosesi təxirə salınıb. Vəkil Nemət Kərimli
Modern.az saytına bildirib ki, buna səbəb Sirac Kərimlinin işində əməliyyata rəhbərlik edən Vidadi adlı şəxsin prosesdə iştirak etməməsi olub. Növbəti proses fevralın 27-də davam edəcək. Sirac Kərimli iyulun 17-dən həbsdədir, narkotik ittihamı ilə tutulub. Onun qardaşı Fərəc Kərimov da narkotik ittihamı ilə həbs olunub. O, iyulun 23-də tutulub. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.
Yeganə OQTAYQIZI