Modern.az

Ramin Hacılıdan İlhamiyyə Rzanın dediklərinə REAKSİYA

Ramin Hacılıdan İlhamiyyə Rzanın dediklərinə REAKSİYA

Təhsil

19 Fevral 2015, 15:50


“Seçkilərə gedərkən əsas məqsəd qalib gəlməkdən ibarət olmalıdır. Qalib gəlmək üçün qarşıda duran məsələləri yaxşı hesablamaya ehtiyac var”.

Bunu Modern.az-a açıqlamasında Ümid Partiyasının sədr müavini, 125-lər siyasi klubunun üzvü Ramin Hacılı deyib.  

O, 125-lər siyasi klubunun parlament seçkilərinə blok kimi gedəcəyini və Ümid Partiyasının rəhbərliyinin də belə bir addımı məqsədəuyğun hesab etdiyini bildirib:

“Seçkiyə blok şəklində getməyin ən böyük üstünlüyü ondan ibarətdir ki, daha çox namizədlə iştirak etmək mümkün olur. Orda efir vaxtı almaq, daha çox şəbəkə ilə tanınmaq, alternativ formalaşdırmaq mümkün olur. Bu baxımdan Ümid Partiyası da 125-lər siyasi klubunun seçkilərə blok şəklində getməsinin tərəfdarıdır”.

Ramin Hacılının sözlərinə görə, Azərbaycanda bütün müxalif cəbhənin səfərbər olması daha yaxşı olardı: “Bu, 125-lərin hər rayondan bir namizəd və həmin namizədlərin bir-birinə dəstək verdiyi şəbəkəni qurmaq üçün bir təklifdir. Nəticədə alternativliyi tam mənada formalaşdırmaq mümkün olur.

Hazırkı situasiyada heç bir partiyanın və heç bir qurumun bunu əldə etmək imkanları yoxdur. Ən azı 60-dan çox dairədən namizəd irəli sürmək lazımdır ki, efir vaxtı qazanmaq və əsas alternativi formalaşdırmaq olsun.

Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasından başqa bu gücdə olan hər hansı qurum qalmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Nəticə bundan ibarətdir. Bundan əvvəlki illərdə də görmüşük ki, partiyalar və müxalifət cəbhəsi bloklaşmaya gedir. Çünki təkbaşına bunu təmin etmək mümkün deyil. 2000-ci ildə mümkün idisə, bu gün mümkün deyil”.  

Ramin Hacılı, 125-lər siyasi klubunun rəhbəri İlhamiyyə Rzanın payızda keçiriləcək seçkilərlə bağlı dediyi fikirlərə də aydınlıq gətirib: “Əvvəla, bloklaşma ideyası sırf güclərin səfərbər olunması və alternativi formalaşdırmaq baxımından vacib bir elementdir.

İlhamiyyə xanımın da demək istədiyi odur ki, bu günə kimi simasını qoruyan insanların cəlb olunmasına nail olmaq, bitərəf və ictimai dərdləri özünə yük edən insanlardan ibarət bir cəbhə formalaşdırmağa ehtiyac var.   Bu gündən etibarən 125-lər, Ümid Partiyası, Müsavat və AXCP qeyd etdiyim kimi 60 nəfərdən ibarət bir cəbhə yarada bilməz. Qüvvələrin birləşməsinə çox  böyük ehtiyac var. Ən azından, onlardan bir neçəsinin bir araya gəlməsi çox vacibdir”.  

Qeyd edək ki, 125-lər siyasi klubunun rəhbəri İlhamiyyə Rzanın “Yeni Müsavat”a müsahibəsində təşkilatın fəaliyyətindən danışın.

İlhamiyyə Rza  payızda keçiriləcək parlament seçkilərinə blok şəklində qatılacaqlarını vurğulayıb və  hədəflərinin qanunverici orqanda təmsil olunmaq olduğunu deyib.    

 Namidə BİNGÖL    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı