Modern.az

AMAY rəhbərinin həbs-qətimkan tədbiri dəyişdirilmədi

AMAY rəhbərinin həbs-qətimkan tədbiri dəyişdirilmədi

Təhsil

19 Fevral 2015, 16:43

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə məhkəmə prosesi keçirilib. Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesə Əfqan Hacıyev, Fikrət Qəribov və Rasim Sadıqovun sədrliyi ilə baxılıb:

“Ötən hazırlıq iclasında qaldırdığımız vəsatətləri məhkəmə təmin etməmişdi. Bu prosesdə digər vəkil Osman Kazımov cinayət təqibinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, Abdulla Abdulayevin şüşəli yerdən çıxarılıb vəkilləri ilə bir yerdə oturması, sübutlar siyahısının təqdim olunması ilə bağlı vəsatət versə də, məhkəmə heyəti təmin etmədi. İclasın daha böyük zalda keçirilməsi ilə bağlı verdiyimiz vəsatətə deyildi ki, gələcəkdə işə baxılması üçün böyük zal olarsa, ora keçirilə bilər.

Daha sonra prokuror ittiham aktının yekun hissəsini elan etdi. Növbəti prosesdə sübutların araşdırılması ardıcıllığı ilə müəyyənləşəcək və dindirmələr başlanacaq.

Abdulla Abdullayevdən savayı iş üzrə beş təqsirləndirilən şəxs var. İş üzrə yeganə həbs olunan şəxs Abdulla Abdullayevdir. Prokuror digər beş şəxslərdən özlərini təqsirli bilib-bilmədiklərini soruşdu. Onlar özlərini təqsirli bilmədilər. Növbəti proses fevralın 26-da davam edəcək”.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsi onun həbsinin bu il fevralın 4-dək uzadılması haqda qərar qəbul edib.

Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır.          

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı