Bu gün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Minsk qrupunun həmsədrləri (Ceyms Uorlik, Andrey Popov və Pyer Andrie) Azərbaycan, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimə səfərlərinin yekunlarına dair bəyanat yayıblar.
Bəyanatda “Dağlıq Qarabağın faktiki rəhbərliyi ilə görüş keçirmişik” ifadəsi isə Azərbaycanda kəskin etirazla qarşılanıb.
Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Minsk qrupu həmsədrlərinin bu bəyanatına münasibət bildirib.
O, Modern.az saytına açıqlamasında deyib ki, həmsədlərin Dağlıq Qarabağdakı qondarma qurumu tərəf kimi təqdim etməsi qeyri-qanunidir. “Həmsədrlər belə bəyanat veriblərsə, çox səhv ediblər.
Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqilliyini” heç oranı işğal etmiş Ermənistan özü də tanımır”,-deyə Bayram Səfərov bildirib.
Sədr daha sonra qeyd edib ki, bu kimi bəyanatlar beynəlxalq müstəvidə Qarabağ məsələsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş həmsdərlərin nüfuzunu aşağı salır: “Vasitəçilik missiyasını üzərinə götürmüş bir institutun bu şəkildə bəyanatı o deməkdir ki, onlar vasitəçi deyil, birtərəfli mövqü tuturlar”.
Qeyd edək ki, həmsədrlərin bəyanatında deyilir: “Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər. Həmsədrlərlə görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləyiblər. Prezidentlər həmçinin həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər”.
Modern.az