ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında çıxış edən deputat Azay Quliyev ATƏT-in Minsk qrupunun həmsədrlik formatında dəyişiklik edilməsini təklif edib.
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev bildirib ki, Türkiyə və Almaniyanı Minsk qrupu həmsədrliyinə gətirməklə hazırkı formatı “5-lik Sədrlər Şurası” ilə əvəzləmək olar.
Deputat Asim Mollazadə Modern.az-a açıqlamasında Türkiyə və Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin (ABŞ, Fransa, Rusiya) tərkibinə qatılacağı təqdirdə Azərbaycan üçün əhəmiyyətindən danışıb.
“Biz bütün ölkələrin sülh prosesinə töhfə verilməsini istəyirik. Türkiyənin bu prosesdə iştirakı təbii olaraq, Azərbaycanın mənafeyinə uyğundur. Çünki Türkiyə hər zaman sülh əldə etmək istiqamətində öz səylərini göstərib və hər zaman da bunun müsbət nəticəsi olub. Almaniya da ATƏT-ə daxil olan nüfuzlu dövlət kimi öz töhfəsini verə bilirsə, biz də bunu məmnuniyyətlə qəbul edərik. Azərbaycana təcili sülh lazımdır. Lakin biz bu danışıqların imitasiyasında real nəticəni gözləyirik”.
Asim Mollazadə həmçinin, beynəlxalq təşkilatların Azərbaycanla bağlı ədalətli mövqe sərgiləməsinə də toxunub.
“Burda söhbət Minsk qrupunun həmsədr dövlətlərinin kiminsə tərəfdaşı olmasından getmir. Bizim istəyimiz beynəlxalq hüquq normalarının bərqərar olunması, BMT-nin qətnamələrinin icra edilməsi, bütün beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icrası ilə bağlı prosesi sürətləndirməkdən gedir. Biz istəmirik ki, kimsə Azərbaycanın tərəfdarı olsun.
Biz istəyirik ki, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar beynəlxalq hüququn tərəfdarı olsun. Haqq və ədaləti müdafiə etsin”.
Namidə Bingöl