“Ukraynada Qarabağ münaqişəsi ssenarisi həyata keçirilir. Rusiya necə ki, Dağlıq Qarabağ münaqişəsi ilə Azərbaycan və Ermənistanı nəzarətdə saxlamaq istəyir, elə də Donetsk kartı ilə Ukraynaya təzyiq edir”.
Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, Ukrayna ordusunun Debaltsevodan geri çəkilməsini şərh edərkən bildirib ki, proseslərin rəsmi Kiyevin xeyrinə olması Pyotr Poroşenko hakimiyyətinin atdığı addımlardan asılı olacaq.
Ekspertin sözlərinə görə Qərb Moskvaya qarşı sanksiyaları qüvvədə saxlasa, bu, Rusiya iqtisadiyyatının tamamilə çəkməsinə şərait yaradacaq. “Cəza tədbirləri qüvvədə qalsa, Rusiyanın iqtisadiyyatı yavaş-yavaş çökəcək və bundan sonra yəqin ki, nə vaxtsa, Qərblə Kreml razılığa Ukrayna böhranı ilə bağlı razılığa gələcək”,-deyə Zərdüşt Əlizadə söyləyib.
Siyasi təhlilçi onu da qeyd edib ki, Ukrayna Rusiya ilə müharibə etmək iqtidarında deyil. Politoloqun fikrincə, Ukraynanın Rusiya ilə müharibə aparmaq gücündə olmasına inam boş xülyalardır.
Aqşin Kərimov