Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlət rəhbərləri səviyyəsində aparılan rəsmi danışıqlar hələ də öz nəticəsini vermir.
Danışıqlar formatında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının da iştirakı lazımdır, lakin son zamanlar icmaların bir araya gəlməsi müşkül məsələyə çevrilib.
Məsələ ilə bağlı Modern.az saytına danışan keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Ermənistan qəsdən icmalar amilindən geri çəkilir.
Ekspert bildirib ki, Ermənistanın Dağlıq Qarabağın erməni icmasını müstəqil “respublika” kimi tanıtmaq cəhdləri buna səbəbdir. “Ermənistan istəyir ki, Dağlıq Qarabağın erməni icmasını danışıqlarda “müstəqil” tərəf kimi göstərsin. Buna görə də icmalar arasında olan təmaslara və danışıqlara son qoyulub”.
Sabiq dövlət müşaviri vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi qəbul etdirmək istəklərinə Azərbaycan həmişə qarşı çıxır. Onun sözlərinə görə Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının danışıqlarda bərabərhüquqlu təmsil olunmasını tələb edir.
“Ancaq uzun müddətdir ki, icmalar məsələsi gündəlikdən çıxmış hesab edilə bilər”,-deyə Qabil Hüseynli qeyd edib.
Ekspert “Ümumiyyətlə, icmalar arasında təmasların olması, Qarabağ probleminin həllinə nə dərəcədə töhfə verə bilər” sualına cavab verərkən bildirib ki, Azərbaycan erməni icmasını ictimai rəyə qəbul etdirmək niyyətindədir. “Azərbaycan çalışır ki, vaxtı ilə orada yaşayan 50 minə yaxın azərbaycanlının hüququnu da təmin etsin. Azərbaycan icma məsələsinə müraciət etməklə, qondarma Dağlıq Qarabağ Respublikasının “statusu”nu icma səviyyəsinə endirməyə çalışır”.
Aqşin Kərimov