Modern.az

Atəş altında yaşayanlar - Ağdam və Tərtərdən REPORTAJ

Atəş altında yaşayanlar - Ağdam və Tərtərdən REPORTAJ

Təhsil

25 Fevral 2015, 00:50

Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü ərəfəsində 30-yaxın jurnalist cəbhənin Ağdam, Ağcabədi və Tərtər istiqamətlərində olduq. Təmas xəttinə bu səfərimiz zamanı güllə səsləri altında dərsə rahat gedib-gələ bilməyən şagirdlərin narahat baxışları xüsusilə yaddaşımda dərin iz buraxdı….

Ağdamın Qaradağlı və Tərtərin Qapanlı kəndində gördüklərimdən və şagirdlərlə etdiyim söhbətlərdən sonra əmin oldum ki, hər gün atəş səsi ilə yuxudan oyanan bu azyalılar da böyüklər qədər mətin və cəsarətlidirlər.

Qaradağlı kənd məktəbinin direktoru Gülnurə Muradova ilə söhbət əsnasında öyrəndim ki, 1993-cü ildə ağır döyüşlər zamanı vaxtilə bu təhsil ocağında oxumuş üç nəfər Ayaz Abbasov, İsgəndər İbrahimov və Zakir Tağıyev şəhid olublar.

“1993-cü il ermənilər Ağdamın mərkəzi və ətraf yaşayış məntəqələrini işğal edəndə, yerli camaatın və ordumuzun köməyi ilə bizim kəndi tuta bilmədilər. Onda vəziyyət pis idi. Başımıza od ələnir, kəndimizə “Qrad” mərmiləri yağırdı. Məktəbdən bir il müddətinə məcburi şəkildə ayrıldıqdan sonra  yenidən geri qayıda bildik.
Mən təkcə məktəb direktoru kimi deyil, bir ana kimi uşaqlarımızın həyatından narahatam. Erməni snayperlər hər an fürsət axtarırlar. 2011-ci ildə 9 yaşlı Fariz Bədəlov öz həyətlərində oynayarkən snayper gülləsi ilə vuruldu. Azyaşlı uşağın öldürülməsi heç bir hərb qanunlarına sığmır, dəfərlərlə məktəbimiz iriçaplı silahlardan atəşə tutulub, kənd sakinlərinin evləri daim atəş altında saxlanılır, lakin bütün bunlara baxmayaraq artıq qorxu hissimiz çəkilib”,-direktor Gülnurə Muradova deyir.

Gülnurə xanım qeyd edir ki, direktoru olduğu məktəbnin şagirləri dəfələrlə döyüşmək istəklərini bildiriblər.
“Şagirdlərimiz ağıllıdır və heç zaman dərsdən qaçmırlar, dərsə meyllidirlər. Biz məllimlər onlara bildiririk ki, siz ağıllı bir şagird kimi, doğru bir vətəndaş olaraq yetişməklə vətənimizə xidmət edirsiniz”.

Direktor qısa söhbətdən sonra tarix dərsində iştirak etdim, şagirdlərlə söhbətləşdim.
Elşən Əmrahov adlı şagiridin dediklərindən:
“Atəş səsləri oxumağıma imkan vermir. Elə bil məni döyüşə çağırırlar. Axşam yatanda da atəş açırlar. Oraya getmək haqqında fikirlərimi heç müəllimlərimə də deməmişəm”.

Ağdam cəbhəsindən ayrılandan sonra digər istiqamətə - Tərtərin Qapanlı kəndində doğru yola çıxdıq. Qapanlı strateji mövqeyi və təmas xəti ilə arasındakı qısa məsafəsinə görə digər kəndlərdən fərqlənir. Kənd sakinlərindən öyrəndim ki, Qapanlı ilə düşmən mövqeyinin  ara məsafəsi 150-200 metrdir.
Qapanlı sakimi Şamil Aslanov:

“Bax sizinlə bu an söhbət etdiyimiz məqama düşmən snayperinin hədəfinə düşə bilmək təhlükəmiz var. Mütəmadi olaraq hər gün, bəzən hər saat atəş açılır. Bizim əkin sahəmiz təmas xəttinə çox yaxın yerləşir. Şəxsən biz sahəni ancaq gecə sulayırıq. Əkin-səpini gecələr edirik. Gündüz isə heç cür o sahəyə daxil ola bilmirik. Çünki görən kimi atırlar. İriçaplı silahlardan atəş açırlar. İndi bu yolda duraraq məndən müsahibə almağınız və maşınların çoxluğu onları cəlb edir. Hər an atəş aça bilərlər. Bu yolla keçərkən insanları çox atəşə tutublar. Ən çox kəndə atırlar. Açıqlıqda adam görən kimi vururlar”.

Daha sonra müsahibim əlini yaxınlıqdakı evə tərəf uzadaraq bildirdi: “Baxın orada yaşlı bir qadın yaşayırdı. Ona atəş açaraq vurdular. Daha sonra Alqayıt adlı cavan traktorçunu vurdular, Namiq adlı kəndçimizi maşınıyla birlikdə atəşə tutdular. Belə hadisələri saymaqla qurtarmaz”…

Qapanlı sakini, 75 yaşlı Bayıl kişi 1994-cü ilin martında 8-ci sinif şagirdi olan 14 yaşlı oğlu Əfqan Hüseynovu itirib. Şəhid atası o hadisədən yana-yana danışır, ermənilərə qatı nifrətini gizlədə bilmir:

“Mən bütün ermənilərə nifrət edirəm. Düşmən nə qadına, nə qocaya, nə də körpəyə aman verir. Onlar acımasızddırlar, bu millət faşistlərdən belə, betərdi. 

Qapanlı məktəbinin 6-cı sinif şagirdlərinin riyaziyyat dərsində də oldum. Sinifin ən nümunəvi şagirdi Rəşad Quliyevə bir sual verdim: “Heç təmas xətti ilə məktəb arasındakı məsafəni hesablamağı düşünmüsən?”. Aldığım cavabdan çox təsirləndim:

“Hesablamaq istəmişəm, amma məsafələr deyil, düşüncələrim daha uzaqdır ”.     

Şahin Qocayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı