“ANS- də Razi Nurullayevin danışdığını gördüm. Partiyadan getməsinin və ya çıxarılmasının gerçək səbəbləri hər nəydisə, belə danışmaq olmazdı. Bunu qınaq kimi deyil, "onun yerində olsaydım, belə etməzdim" baxımından yazıram”.
Modern.az saytı xəbər verir ki, bunu REAL hərəkatının üzvü Erkin Qədirli Razi Nurullayevin AXCP rəhbərliyi haqqında dedikləri ittihamlara mövqeyinə münasibət bildirərkən deyib. Erkin Qədirli bildirib ki, qüsursuz adam və ya təşkilat olmur.“Mövqelərin arasında barışmaz ziddiyyətlər yarana, təşkilatdaxili münasibətlər pozula bilər. Nəhayət, adam uzun illər ərzində müxalifətdə olmaqdan yorula, təqiblərdən qorxa, hökumətin tərəfinə keçmək də istəyə bilər. Bunu hamımız anlayırıq, dəfələrlə görmüşük. Getmək üçün başqa, daha tutarlı və ədalətli əsaslar da ola bilər”,-deyə Erkin Qədirli söyləyib.
Onun sözlərinə görə istənilən halda, tərk edilən təşkilatı, imtina olunan mövqeyi, dəyişdirilən fikirləri, ünsiyyətin kəsildiyi adamları sonradan acıqda pisləmək - dürüst davranış deyil. “Hər şeyi zamanında, açıq və ünvanına demək lazımdır. Siyasətdə sonradan danışmaq- heçnədən danışmaqdır. Bu, həm müxalifətdən iqtidara, həm də iqtidardan müxalifətə keçənlərə aiddir. Yeni mövqeyin hər nədirsə, əvvəlkini pisləməməlisən”.
Qeyd edək ki, AXCP sədrinin müavini vəzifəsindən kənarlaşdırılan Razi Nurullayev Əli Kərimlini partiya daxilində avtoritarizm yaratmaqda ittiham edir.
Modern.az