Modern.az

“Bu vəziyyət ilin sonuna kimi davam edərsə, hökumətin itkisi 5-6 milyard manat olacaq” - Komitə sədri

“Bu vəziyyət ilin sonuna kimi davam edərsə, hökumətin itkisi 5-6 milyard manat olacaq” - Komitə sədri

Təhsil

24 Fevral 2015, 13:28


“Dünya bazarında neftin qiymətinin sürətlə düşməsi prosesi gedir. 2015-ci il dövlət büdcəsində neftin 1 bareli 90 dollardan hesablanıb. Amma indi 60 dollar civarındadır. Bu vəziyyət ilin sonuna kimi davam edərsə, Azərbaycan hökumətinin itkisi 5-6 milyard manat olacaq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
O, manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsinə münasibət bildirərkən söyləyib ki, manatın sabit qalması üçün Mərkəzi Bank hər il 2-2,5 milyard investisiyadan istifadə edirdi: “Ekspertlər bildirirdi ki, bu proses uzun müddət davam edə bilməz. Belə prosesin uzun müddət davam etməsi bankın rezervlərinin tükənməsinə gətirib çıxarar. Azərbaycan Mərkəzi Bankının intervensiya etdiyi valyutanın miqdarı Ermənistanın büdcəsi qədərdir. Azərbaycan iqtisadiyyatı ciddi problemlə üzləşib. Son 10 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı təmin edən amillərdən biri də pul-kredit siyasəti olub. Mən istəməzdim ki, biz həmin siyasətə kölgə salaq”.

O qeyd edib ki, Mərkəzi Bankının intervensiyası ölkənin iqtisadi gücünü artırıb. Ziyad Səmədzadənin fikrincə, intervensiya siyasəti sayəsində ölkədə stabil şərait yaradılıb:

“Manat dünyada ən güclü valyutalardan biridir. Manatın dollara nisbətdə yüksəlməsi bizə ixrac potensialını artırmağa imkan vermirdi. Ancaq indi ölkədə yaxın vaxtlarda kiçik-orta iri sahibkarlıq sənaye sahələri yaradılacaq. Bu müəssisələrin ixrac potensialının genişləndirilməsi üçün məzənnədə dəyişikliyə ehtiyac var idi”. Komitə sədri onu da vurğulayıb ki, Azərbaycan hökuməti manatın ucuzlaşmasından sonra yaranan vəziyyətlə bağlı sosial tədbirlər görməlidir: “Qiymətlərinin bahalaşmasına qarşı ciddi mübarizə üsulları müzakirə olunmalıdır. Bu addımlar böhran əleyhinə tədbirlər deyil. Sadəcə olaraq manatın devalvasiyası nəticəsində yaranmış problemlərin həlli istiqamətində görülən işlərdir. Azərbaycan hökuməti və xalqı bu çətin vəziyyətdən də üzü ağ çıxacaq”.

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı