“Azərbaycan alimlərinin sayına görə Ermənistandan çox geri qalır”. Modern.az-ın məlumatına görə, bunu “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc söyləyib.
Onun fikrincə, bu qanun layihəsi Milli Təhlükəsizlik Konsepsiyası qədər əhəmiyyətli sənəddir: “Ona görə bu məsələyə çox ciddi yanaşmalıyıq. Hesab edirəm ki, Milli Elmlər Akademiyasının statusu haqqında məsələnin müzakirəsinin üzərində çox qalmağa ehtiyac yoxdur. Dünyada bunun çox təcrübəsi var”.
Zahid Oruc onu da bildirib ki, Azərbaycanda alimlərin orta yaş həddi 58-60 arasında dəyişir: “Alimlərimiz yaşlanır, ancaq onları əvəz edəcək kimsə qalmır. Azərbaycan Cənubi Qafqazda bütün parametrlərinə görə lider dövlətdir. Amma acı da olsa, bunu etiraf etməliyik, Azərbaycan bir məsələdə Ermənistandan geri qalır. Bu da alimlərin sayındadır. Azərbaycanda hər 100 min nəfərə görə düşən alimlərin sayı 1 faiz, Ermənistanda isə hər 100 min nəfərə görə 3,6 faiz təşkil edir”.
Magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə də toxunan Zahid Oruc qeyd edib ki, Azərbaycanda 5 min magistrin yalnız yarısı oğlanlardır.
Spiker Oqtay Əsədov isə bildirib ki, gender ayrı-seçkiliyi ilə bağlı müqayisə aparmaq doğru deyil: “Ermənistanı onun öz əhalisi qədər qoruyan xarici ölkə ordunun hərbçisi var. Amma Azərbaycanı qoruyan bir nəfər belə xarici hərbçi yoxdur”.
Aqşin Kərimov