Modern.az

Tələbələr "Qəhrəmanlar unudulmur" adlı bədii kompozisiya göstərdilər

Tələbələr "Qəhrəmanlar unudulmur" adlı bədii kompozisiya göstərdilər

Təhsil

24 Fevral 2015, 17:36

Fevralın 24-də Azərbaycan Dillər Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı bədii kompozisiya keçirildi. Filologiya və jurnalistika fakültəsinin 230B qrup tələbəsi Rəna Rəsulzadənin ssenarisi əsasında və ADU Tələbə Gənclər Təşkilatının adıçəkilən fakültə üzrə fəal tələbələrinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Öncə Xocalı soyqırımında həlak olmuş insanların ruhları bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan və ingilis dillərində Xocalı soyqırımı, faciədə həlak olan insanlar, ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumat verildi, vətənpərvər ruhda yazılmış şeirlər söylənildi. Tədbirdə, eyni zamanda həmin hadisələrdən bəhs edən videoçarx nümayiş olundu. Daha sonra "Qəhrəmanlar unudulmur" adlı tamaşa göstərildi. Tamaşada Xocalının işğalı zamanı düşmənlər tərəfindən ana və övladlarına edilən işgəncələr, qardaşı düşmən gülləsinə tuş gəlmiş bacının ah-naləsi, körpəsi öldürülmüş ananın hayqırtıları nümayiş olundu. 

“Çırpınırdı Qara dəniz” mahnısının sədası altında Azərbaycan Respublikasının Dövlət Bayrağının səhnəyə gətirilməsi, bayrağın öpülərək Azərbaycan əsgərinin hərbi andı içməsi ilə yekunlaşan tamaşada yaxın zamanlarda torpaqlarımızın işğaldan azad ediləcəyinə əminlik ifadə olundu.  

Sonda ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Filologiya və Jurnaslitika fakültəsinin dekanı, professor Sevda Vahabova, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxış edərək Xocalı soyqırımının ürəkdağlayan hadisə olduğunu söylədilər. ADU-nun istedadlı tələbələri tərəfindən təşkil olunmuş tamaşanın Xocalı soyqırımının yüksək səviyyədə təbliğatı olduğunu dilə gətirən çıxışçılar tökülən qanların yerdə qalmayacağını, işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılacağından əmin olduqlarını söylədilər.




Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı