
Modern.az xəbər verir ki, Mingəçevirə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına aparılan yenidənqurma işləri barədə geniş məlumat verib. Bildirib ki, 1987-ci ildən istifadəyə verilən və uzun illər təmir olunmayan bu müalicə müəssisəsi ilk dəfədir ki, əsaslı şəkildə yenidən qurulur.
Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb.
***
İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb.
Ümumi sahəsi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılıb, geniş yaşıllıq zolaqları salınıb, dekorativ ağac və kollar əkilib. Parkda yay konsert səhnəsi tikilib. Burada açıq havada şəhər əhəmiyyətli müxtəlif tədbirlər və konsert proqramları təşkil olunur. Parkda müxtəlif istirahət guşələri, həmçinin uşaq əyləncə meydançaları yaradılıb, müasir attraksionlar və yelləncəklər quraşdırılıb. Aparılan yenidənqurma işləri sayəsində park şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
***
Prezident İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib.
Yeni uşaq bağçası 120 yerlikdir. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardaqları və oyun meydançası quraşdırılıb.
***
İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub. Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına birinci Avropa Oyunlarına hazırlıqla bağlı burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, artıq yenidənqurma tədbirləri son mərhələyə daxil olub və bu qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib.
Qeyd edək ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının bəzi yarışları bu mərkəzdə təşkil olunacaq.
Xatırladaq ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.
****
İlham Əliyev fevralın Mingəçevirdə Kür çayının sağ sahilində inşa olunan “Ağsaray” otelində aparılan tikinti işlərinin gedişi ilə də tanış olub.
Məlumat verilib ki, 2,5 hektar sahəsi olan otel ən müasir səviyyədə inşa edilir. Otel kompleksi 5 korpusdan ibarətdir. Ümumilikdə, oteldə 55 otaq olacaq. Burada restoran, kafe-bar, əyləncə mərkəzi, konfrans zalı yaradılacaq. Bundan başqa, oteldə uşaq və böyüklər üçün qapalı və açıq hovuzlar, sauna, fitnes zalı, masaj otaqları, günəş vannası qəbulu üçün terraslar da qonaqların ixtiyarına veriləcək. İnşaat işləri zamanı Kür çayının üzərindən asma kanat yolunun inşası da nəzərdə tutulur. Otelin kottecləri də olacaq.
Yeni otelin istifadəyə verilməsi həm də iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. Belə ki, kompleks istifadəyə veriləndən sonra burada 40 nəfər işlə təmin ediləcək. Otelin ilk Avropa Oyunları başlayanadək istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və göstərişlərini verdi.
Modern.az