
AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayev diplomatik qalmaqala səbəb ola biləcək iddialar irəli sürüb.
Razi Nurullayev fevralın 24-də keçirdiyi mətbuat konfransında bildirib ki, Əli Kərimli onu müavinlikdən çıxarmazdan əvvəl evinə çağırıb və görüş zamanı tərəflər arasında mübahisə olub:
“Məni şantaj edərək dedi ki, onda dəqiq məlumat var ki, mən hakimiyyətə işləyirəm və hakimiyyətdə dostlarım var. Əli Kərimli mənə dedi ki, "sən hakimiyyətə satılmısan, əlimdə bununla bağlı faktlar var". Əli Kərimli dedi ki, hətta ABŞ və Britaniya səfirlikləri bununla bağlı ona məlumat veriblər. Mən bu deyilənlərdən narahatam. Bu, o deməkdir ki, həmin səfirliklər siyasətçiləri dinləyir. Mən bu fikirlə bağlı həmin iki səfirliyə dünən məktub göndərmişəm. Bu gün də buradan müraciət edirəm. Necə ola bilər ki, onlar məni dinləyir və bununla bağlı Əli Kərimliyə məlumat ötürürlər? O, məni müavinlikdən azad edəndən sonra Amerika səfirliyinə görüşə gedəcəyini dedi. Bu məsələyə aydınlıq gətirilməlidir. Bu, məni narahat edir, çox narahatedici bir faktordur”.
ABŞ səfirliyi R.Nurullayevin bu iddialarına cavab verib. Səfirlikdən haqqin.az saytına aşağıdakı məzmunda mətn daxil olub: “Bu iddialar tamamilə əsassızdır. Biz müntəzəm olaraq bütün siyasi partiyaların nümayəndələri ilə görüşürük”.
Modern.az