
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Ukraynanın indiki hakimiyyətini tənqid edən məqaləsi Rusiyanın “Arqumentı i faktı” qəzetində çap olunub. Modern.az qəzetə istinadən xəbər verir ki, məqalədə Yanukoviç Poroşenko hakimiyyətini gördüyü işlərlə bağlı hesabat verməyə səsləyib: “Ukrayna xarici dövlətlərin təsiri altına düşüb və indiki ölkə rəhbərliyi həmin göstərişlər əsasında hərəkət edir. Hesab edirəm ki, hakimiyyətə gəlməklərinin ildönümü ilə bağlı həmin yalançılar meydana çıxıb yerinə yetirdikləri vədlər barədə xalqa hesabat verməlidirlər”.
Keçmiş prezident meydan hadisələri zamanı cinayət törədən hər kəsin məsuliyyətə cəlb olunmasına çalışacağını vurğulayıb: “Həqiqəti gizlətmək olmaz. Meydanda insanların güllələnməsinə göstəriş verən, hazırda isə hakimiyyətdə təmsil olunan şəxslər mətbuatda, xüsusən Qərb mətbuatında tez-tez görünürlər”.
Viktor Yanukoviç 2010-cu il fevralın 25-də 5 il müddətinə ölkə prezidenti seçilib. 2014-cü ilin fevralında isə ölkədə baş verən kütləvi etirazlardan sonra Rusiyaya qaçıb. O, vətənində bir neçə maddə ilə axtarışdadır.
Modern.az