
Manatın məzənnəsinin kəskin devalvasiyası səbəbindən əhali arasında panika yaşanmaqdadır. Bir çox ekspertlər isə bahalaşmanın qarşısını almaq, eyni zamanda Azərbaycanın neftdən aslılığını azaltmaq üçün yerli istehsalın inkişafına diqqət artırılmasını təklif edir. Məsələ burasındadır ki, yerli məhsulların istehsal edilməsi üçün lazım olan xammal da xaricdən gətirilir.
İqtisadçı ekspert Oqtay Haqverdiyev Modern.az-a açıqlamasında yerli istehsalın inkişaf etdirilməsinin vəziyyətdən çıxış yolu olmadığını vurğulayıb:
“Hər şey xaricdən gətirilir. İstənilən sahibkar, məsələn, əgər maşın istehsalı ilə məşğul olursa, lazım olan avadanlıqları başqa ölkələrdən idxal edir. Həmin xammalın alınması üçün dollar, ya da avro lazımdır. Sahibkar məhsulu istehsal etdikdən sonra isə manatla satır. Əlbəttə, əvvəlki qiymətin qalması sahibkara sərf etmir. Bu onu deməyə əsas verir ki, yerli istehsalın inkişafı da yaranmış pis vəziyyətə kömək etməyəcək”.
Ekspertin fikrincə, həmin sahibkarlara mütləq şəkildə kompensasiya tətbiq edilməli, ən azından gəlir vergiləri aşağı salınmalıdır: “Hazırda Azərbaycanda müşahidə edilən problem Rusiyada da baş verib. Nəzərə almaq lazımdır ki, bizim idxalımız təxminən 10 milyard manat təşkil edir, onun da 20 faizə qədərini yerli istehsalla əvəzləyə bilərik. Amma qalan hər şey yenə də xaricdən gətirildiyinə görə bu çıxış yolu deyil. Tikinti materialları, müxtəlif inqredientlər, xüsusilə də elektron avadanlıqların hamısı xaricdən dollarla alınır. Yəni böhran qaçılmazdır”.
Gülşən RAUFQIZI