
“Milli Məclisin deputatlarının televiziyaların fəaliyyəti ilə bağlı fikirlərinə hörmətlə yanaşırıq. Amma təəssüf ki, millət vəkilləri məsələyə doğru yanaşmayıblar”.
Bu haqda Modern.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.
O, deputatların məsələyə bu cür yanaşmasının başadüşülən olmadığını deyib: “Deputat ən azından bilməli idi ki, Azərbaycanda Milli Televiziya və Radio Şurasının televiziya kanallarının proqram siyasətinə, proqramların məzmununa qarışmaq, müdaxilə etmək səlahiyyəti yoxdur. Ona görə də hansı verilişlərin efirə verilib-verilməməsinə Milli Televiziya və Radio Şurası qarışmır. Bunu adi vətəndaş desəydi, başa düşülən olardı, amma bu sahə ilə bağlı bir insanın belə sözlər deməsi başadüşülən deyil”.
Şadlıq saraylarının televiziyalarda reklamı ilə bağlı iradlara gəlincə, şura sədri bunları məntiqsizlik adlandırıb: “Bəzi verilişlərin, reklamların, xüsusilə də şadlıq saraylarının reklamının yayımlanması ilə bağlı iradlar heç bir məntiqə sığmır. Ən azından şadlıq sarayları da Azərbaycanın qanunvericiliynə uyğun olan fəaliyyət sahəsidir. Onların fəaliyyəti qanunla qadağan olunmadığına görə reklam olunmaq hüquqları var. Əgər televiziya kanallarında zavod və fabriklərimiz reklam olunsaydı, onda şadlıq saraylarının reklamına ehtiyac qalmazdı”.
Nuşirəvan Məhərrəmli yerli istehsal olan serial və reklamların xarici ölkələrdəkilərlə müqayisəsini edənlərə isə bunları deyib: “Bəzən çox məntiqsiz olaraq Azərbaycandakı serial və reklamları Rusiya və Türkiyə ilə müqayisə edirlər. Bu müqayisəni edənlər elementar olaraq bilmirlər ki, Azərbaycanda reklamın bir dəqiqəsi min-iki min manat həcmindədirsə, sözügedən ölkələrdə reklamın həcmi 50-60 min dollar həcmindədir. Azərbaycanda serialların keyfiyyətinin aşağı olmasından danışılır. Hesab edirəm ki, bu məsələlər doğru deyil. Ümumilikdə isə şura ilə bağlı deputatlarımızın, ictimai fəal olan insanlarımızın tənqidini normal qarşılayırıq”.
“Deputatların iradları nəzərə alınaraq gələcəkdə şadlıq saraylarının reklamı qadağan oluna bilərmi” sualına cavab olaraq Nuşirəvan Məhərrəmli bildirib ki, məsələyə bu cür yanaşma doğu deyil.
“Hüququ az-çox bilən insan bunu dilinə belə gətiməməlidir. Şadlıq sarayları qanunla müəyyənləşən ayrıca fəaliyyət sahəsi olduğundan onun reklamı qadağan oluna bilməz. Amma şadlıq saraylarının reklamlarının həddindən çox olması başqa bir mövzudur”.
Milli Məclisin fevralın 24-də keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı deputat Elmira Axundova bildirib ki, Milli Televiziya və Radio Şurası öz işinin öhdəsindən gələ bilmir.
Xanım deputat eyni zamanda qeyd edib ki, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir, telekanallarda sosial reklamlar yoxdur. Kanallarda şadlıq saraylarının reklamları və şou proqramlar üstünlük təşkil edir. O, bütün bunlara görə isə Milli Televiziya və Radio Şurasını günahlandırıb.
Gülşən RAUFQIZI