Modern.az

Qəhrəmanlar Parkında Xocalı soyqırımı qurbanları anıldı - FOTOLAR

Qəhrəmanlar Parkında Xocalı soyqırımı qurbanları anıldı - FOTOLAR

Təhsil

26 Fevral 2015, 12:35


Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə Horadiz şəhərindəki Qəhrəmanlar Parkında anım tədbiri keçirilib.

Min nəfərin iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, soyqırım qurbanlarının ruhuna dualar oxunub. 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Xocalı soyqırımından  danışıb, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bildirib ki¸ Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, deportasiya, soyqırım siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib.

Alı Alıyev vurğulayıb ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının sərsəm ideyasıdır ki, bunlar da kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

“Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 23 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalının dinc mülki əhalisinə təcavüz edərək, şəhəri yerlə-yeksan etdilər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirmişdir. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaq”.

İcra başçısı qeyd edib ki, bu dəhşətli hadisəyə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib, 1994-cü ildə onun təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Prezident İlham Əliyev isə Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.

Alı Alıyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmısı istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərdən, fondun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçicəsində dünya miqyasında həyata keçirdiyi tədbirlərdən bəhs edib.  

Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsi haqqında rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq ərazidəki bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilib.26 fevral tarixində orta məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr olunub.







Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı