Fevralın 26-da Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Tədbirdə Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaishvili, səhiyyə və əhalinin sosial müdafiəsi naziri Nuqzar Surmanidze, kənd təsərrüfatı naziri Zaur Putkaradze, digər hökumət rəsmiləri, Türkiyənin baş konsulu Yasin Temizkan, İranın baş konsulu Əhməd Reza Ərzcani, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV nümayəndələri, SOCAR-ın və Poti şəhərindəki Kulevi terminalının rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Baş konsul Hüseyn Nəcəfov çıxışında qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 4000 Xocalı sakinindən 613-ü vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır, 8 ailə tamamilə məhv edilib. O müdhiş gecədə 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaqlardır. 1275 xocalılı əsir alınmış, 150 Xocalı sakini itkin düşüb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Qeyd edilib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra almış və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılmışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı Xocalı soyqırımının tanınması, o cümlədən xalqımıza qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər barədə həqiqətləri çatdırmaq üçün məqsədyönlü və ardıcıl iş aparılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyasına start verildiyi, ötən müddət ərzində bu kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində müxtəlif tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Acarıstan MR Ticarət Palatası nəzdində Beynəlxalq Arbitraj Məhkəməsinin sədri, Batumi Dövlət Universitetinin professoru, hüquq elmlər doktoru Rostom Quntaişvili çıxışında Xocalı qətliamını Azərbaycan xalqına qarşı soyqırımı kimi xarakterizə edib və faciəyə hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıb.
"Changes for Equal Rights" qeyri-hökumət təşkilatının rəhbəri Nino Çkaidze də baş verən faciənin soyqırımı olduğunu söyləyib, bu cür hadisələrin təkrarlanmasının qarşısının alınmasının vacibliyini qeyd edib.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə lentə alınmış "Xocalı soyqırımı" və Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Dua" adlı sənədli filmlər nümayiş olunub.
İştirakçılara Xocalı soyqırımından bəhs edən materiallar paylanıb.
Mərasim və baş konsulun müsahibəsi "Acariya TV" kanalı tərəfindən işıqlandırılıb.(AzərTAc)
