
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işindən Ali Məhkəməyə şikayət hələ verilməyib.
Bakı Apelyasiya Məhkəməsi dekabrın 10-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin, mərkəzin icraçı direktoru Bəşir Süleymanlının və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədova çıxarılan hökmləri qüvvədə saxlayıb.
Vəkil Fariz Namazlı Modern.az saytına bildirib ki, şikayətin verilməsi Anar Məmmədlinin özündən asılıdır: “Anar Məmmədli ilə məsləhətləşmişik, şikayəti hələ saxlayırıq. Bizim 18 ay ərzində şikayət vermək hüququmuz var. Anar müəllim nə vaxt desə, şikayət ərizəsini məhkəməyə o vaxt təqdim edəcəyik”.
Vəkil 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra Anar Məmmədli ilə bir dəfə görüşdüyünü də deyib: “Anar müəllimin allergiyası var. Onun qaldığı barakın qarşısında gölməçə olduğu üçün kamerada nəmişlikdir. Onun barakın dəyişdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müraciəti hələ ki cavabsız qalıb”.
Bakı Ağır Cinayətlər Məhkəməsi külli miqdarda mənimsəmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə aparılan iş üzrə Anar Məmmədlini 5 il 6 ay, Bəşir Süleymanlını 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.
Yeganə OQTAYQIZI