
“2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi otən il dekabrın 22-də “Azərbaycan əhali sakinliyi və demoqrafik inkişaf” üzrə Dövlət Proqamı layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən toplantıda qeyd edilib”.
Modern.az bildirir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov məlumat verib.
O qeyd edib ki, həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları, o cümlədən müvafiq şöbə müdirləri iştirak ediblər: “Bu layihənin müzakirəsinə bir sıra KİV nümayəndəsi də qatılıb. Həmin müzakirə zamanı nazirlik rəsmiləri bu məsələ haqda məlumat verdilər, hətta deyildi ki, əgər ideya təsdiqlənərsə, maliyyə çətinliyi olmayacaq, çünki vəsait hesaba hissə-hissə köçürüləcək”.
Niyə oğlan deyil qız uşaqlarına depoztilərin verilməsinə gəlincə, iqtisadçının fikrincə, bu başadüşüləndir: “Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acınacaqlı olsa da, ana bətnindəcə öldürülür. Məqsəd bunun qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir”.
V.Bayramovun sözlərinə görə, uşaqların sayı çox olan ailələrdə valdeyinlərin daha tez pensiyaya çıxması təklifini özü edib: “Həmin təklifi həmin görüşdə mən irəli sürdüm. Əmək və əhalinin sosial müdafiəsi naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlar ilə bu məsələnin müzakirəsini aparsınlar. Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsul olan nazirliyin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsidir.
Mən, ümumiyyətlə, hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam. Bu demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı, bu gün hətta ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər”.
Gülşən RAUFQIZI