Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, prosesdə əməliyata rəhbərlik edən Vidadi Məmmədov dindirildi: “Onun verdiyi ifadələrdə çoxlu ziddiyyətlər var. Əsas suallarla eləcə də evə baxış zamanı neçə əməliyatçı iştirak edib sualına xatırlamıram cavabını verirdi. Onun dediyi ilə yazılı verdiyi ifadə arasında zaman etibarı ilə ziddiyyətli məqamlar var.
Bu günki prosesdə Sirac Kərimli təqsirləndirilən şəxs kimi ilkin yazılı ifadəsini verdi. Bildirdi ki, onun cibinə narkotik maddəni Orxan adlı şəxs atıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılanda onu rəis Emin dindirib. Ona bildirib ki, bilirik, sən səhv gətirilmisən, əgər vəkilindən imtina etsən sənə kömək etməyə çalışacağıq. Sirac bunu yazılı şəkildə məhkəməyə təqdim etdi.
Məhkəmədə əlavə şahidlərin dindirilməsi ilə bağlı verdiyim vəsatət təmin edildi.
Növbəti prosesdə şahidlərin iştirakı gözlənilir. Növbəti proses martın 5-də davam edəcək”.
Sirac Kərimli iyulun 17-dən həbsdədir, narkotik ittihamı ilə tutulub. Onun qardaşı Fərəc Kərimov da narkotik ittihamı ilə həbs olunub. O, iyulun 23-də tutulub.
Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib.
Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.
Yeganə OQTAYQIZI