
Şimali Kipr Türk Cumhuriyyətindəki (KKTC) Yakın Doğu Universitetində “Xocalıya ədalət” kampaniyası çərçivəsində konfrans keçirilib.
Modern.az xəbər verir ki, “Azərbaycanlı tələbələr birliyi”nin təşkil edilən gecədə Xocalı soyqırımının qurbanları anılıb. Universitetin akademik heyyətinin, tələbələrinin, eyni zamanda “Kipr Türk Gazeteciler Birliyinin” və jurnalistərin iştirak etdiyi tədbirdə 20-ci əsrin ən böyük faciələrindən olan Xocalı faciəsi haqqında məlumat verilib, o müdhiş gecədə baş vermiş dəhşətli hadisələrin erməni vandalizminin və əsrlər boyu Azərbaycan xalqına, Türk Dünyasına qarşı törədilən soyqırımı siyasətinin nəticəsi olduğu bildirilib.
“Azərbaycanlı tələbələr birliyi”nin məsləhətçisi, Azərbaycan Diasporasının Şimali Kiprdəki təmsilçisi, Yakın Doğu Universitetinin rektor yardımçısı Prof.Dr. Fəxrəddin Sadıqoğlu konfransda geniş nitq söyləyib: “Xocalı bizim unudulmaz günümüzdür. Biz burda olduğumuz bütün illərdə bu etkinlikləri etmişik. Bizim böyüyən gəncliyimiz bu hadisələri unutmamalıdır, etkinliklərimizin əsas səbəbi budur. Dünya haqq səsimizi eşidincə mücadiləmizi davam etdirməliyik”.
Daha sonra universitetin müəllimi Rəşad Ələkbərov Xocalı qətliamına gedən məşəqqətli yoldan, bu qırğın üçün niyə məhz Xocalının seçilməsindən danışdı.
Tədbirdə Azərbaycanda və ölkədən kənarda böyük marağa səbəb olan “Böyüməyən Uşaqlar” kitabının təqdimatı və eyni adlı filmin nümayişi oldu.
Kitab və film haqqında universitetin tələbəsi, Modern.az xəbər saytının Şimali Kiprdəki təmsilçisi Toğrul Salehli söz açıb: “Azərbaycan yüz illərdir yağı düşmənin hiyləsinə, məkrinə tuş gəlir. Xocalı soyqırımı bunların pik zirvəsidir. Bundan belə gözləməyə, səbr etməyə dəyməz. Biz toparlanmalı, haqq səsimizi qaldırmalı, varlığımızı sübut etməliyik. “Böyüməyən Uşaqlar” da belə bir layihədir. Xocalıda hər iki valideynini itirən 25 nəfərin müsibətli həyat hekayəsindən bəhs edən kitabda günümüzün ağrı-acısı, sabahımızın hayqırtısı var. Biz onları əvvəlcə saytımızda, sonra real həyatda birləşdirdik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan Media İşçi Qrupunun və Modern.az saytının rəhbəri Elşad Eyvazlı bu layihəyə başlayanda torpaqlarından xüsusən də yaşam dünyalarından ayrı düşənlər haqqında əlimizdən gələni etməyimizi diqqətə çatdırır. Kitab bir neçə xarici dildə çap edilib”.
Digər tələbələr də kitab və film haqqında təəssüratlarını bildiriblər.

