
“Tanınmış Rusiya siyasətçisi Boris Nemtsovun öldürülməsi çox ağır xəbərdir. Onunla siyasi müstəvidə görüşlərimiz çox olub”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, Beynəlxalq Demokratlar İttifaqının sədr müavini Etibar Məmmədov Rusiyanın tanınmış siyasətçisi Boris Nemtsovun öldürülməsi xəbərinə münasibət bildirərkən deyib.
Etibar Məmmədovun sözlərinə görə, Boris Nemtsov Rusiyada xüsusi mövqeyi ilə diqqət çəkən siyasətçi olub:
“Təbii ki, Nemtsovla görüşlərimizi çox yaxşı xatırlayıram. Rusiya sağçıları partiyası Beynəlxalq Demokrat İttifaqın üzvü idi. Bizim Boris Nemtsovla görüşlərimiz o çərçivədə olurdu. Boris Nemtsov çox bacarıqlı bir adam idi. Gənc vaxtından siyasətə gəlmişdi. Prinsipinə uyğun olaraq Rusiyada hakimiyyətdə olan sonrakı hökumətlərdə təmsil olunmamışdı. O, Rusiyada özünün xüsusi mövqeyi ilə seçilirdi”.
“Bəs Nemtsovla görüşlərinizdə onun Azərbaycan haqqında düşüncələri nədən ibarət idi” sualına AMİP lideri belə cavab verib: “Qeyd etdiyim kimi onunla görüşlərimiz çox olub. Hər görüşümüz zamanı Azərbaycan haqqında mütləq danışırdı. Azərbaycanın mühüm ölkə olduğunu qeyd edirdi. Azərbaycanın gələcəyi haqqında danışarkən deyirdi ki, Azərbaycanın Rusiya kimi neftdən asılı olması təhlükədir. Eyni zamanda, demokratikləşməni və sərbəst iqtisadiyyatın olmasını Azərbaycan üçün vacib hesab edirdi. Nemtsovla sonuncu görüşümüz 2000-ci ildə Moskvada olub. Həmin görüşə məni Boris Nemtsov özü dəvət etmişdi. Dəvət zamanı onların qurultayında iştirak etmişəm”.
Müsavat Partiyasının lideri İsa Qəmbər də Facebook səhifəsində Boris Nemtsovla görüşdüyünü yazır:

«Rusiyanın ən parlaq ictimai-siyasi xadimlərindən biri Boris Nemtsov öldürüldü. Onunla görüşlərim, söhbətlərim mənə əsas verirdi ki, B.Nemtsovu həm də gələcəkdə demokratik Azərbaycanla demokratik Rusiya münasibətlərinin qurulmasına hazır ən yetkin dövlət adamlarından biri kimi dəyərləndirim.
Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndirəcək».
Rusiyanın tanınmış siyasətçisi Boris Nemtsov fevralın 28-də Moskvada öldürülüb. O, Rusiyanın aparıcı müxalif siması kimi tanınırdı.
Namidə BİNGÖL