Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəcbli bir qrup seçici ilə görüşüb, prezident İlham Əliyevin torpaqlardan səmərəli istifadə edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr ətrafında söhbət aparıb. Deputatın qərargahından Modern.az-a bildirilib ki, H.Rəcəbli Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi, Sütəmurdov, Seydəkəran, Viyən, Kərgəlan kəndlərinin bir qrup aqrar bölmədə çalışan işçilərilə fikir mübadiləsi aparıb. Seçicilər ölkədə kənd təsərrüfatı işçiləri üçün yaradılan şəraitdən razılıq edib və məhsul istehsalı ilə bağlı mövcud olan bir sıra problemlərdən danışıblar. Qeyd olunub ki, son üç ildə Lənkəran bazarında, daha çox bölgədə istehsal olunan ərzaq məhsullarının satılması sevindirici haldır. Alıcılar ekoloji təmiz olan bu məhsullara üstünlük verir, hətta qiymətin bir az fərqli olmasına baxmırlar. Bəzi məhsulların istehsalını hətta bazar özü tənzimləyir.
Deputatla söhbət zamanı bildirilib ki, Lənkəranda kinkan, kivi meyvələrinin, kahı, kərəviz göyərtilərinin, yerli paxla və lobyanın əkini xeyli artıb. Müzakirələrdə də qeyd olunub ki, kiçik təsərrüfatlarda əmək məhsuldarlığı aşağı olur, məhsulun maya dəyəri yüksəlir. Odur ki, kooperativlərin yaranmasına böyük ehtiyac var. Digər problemli məsələ kimi isə məhsulun topdan alınması ilə bağlı olduğu qeyd edilib. Bilidirilib ki, dövlət və özəl tadarük müəssisələrinin yaranmasına ehtiyac var.
Görüş istirakçılarından Səxavət Əliyev, Natavan İbadova, Şairə Mirzəyeva, Orxan Məmmədov, Cəmilə İbrahimova və başqaları gələcəkdə torpaqlardan daha səmərəli istifadə etmək üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.
Seçicilər Hadı Rəcəbliyə torpaqlarda çalışan insanlarla tez-tez görüşdüyünə və onlara daim dəsdək verdiyinə görə minnətdarlıqlarını bildiriblər.


