Yerevanda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqersinin tərəfdarlarının mitrinqi keçirilib. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, aksiya 7 il əvvəl bu ölkənin paytaxtında baş verən faciəli hadisələrin ildönümünə həsr olunub.
O zaman hökumət qüvvələri ilə toqquşmalarda 8 nümaişçi və Daxili Qoşunların 2 xidmətçisi həlak olub. Ter-Petrosyanın da iştirak etdiyi mitinqi Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan aparıb. O, bəyan edib ki, 7 il əvvəl bu gün səhər Ermənistan hakimiyyəti silahsız xalqa hücum edib və iki gün ölkədə qarşıdurma davam edib. Onun fikrincə, məhz həmin hadisələrdən sonra Ermənistan avtoritar ölkəyə çevrilib: “Təşkilatçılar və onların sifarişlərini yerinə yetirənlər bu günədək cəzalandırılmayıblar”.
Mitinqdə Ter-Petrosyan da çıxış edib. Eks-prezident deyib ki, martın 1-i Ermənistan üçün "milli yas, etiraz və dövlət terroru günü"dür. Ter-Petrosyanın sözlərinə görə, hazırkı hakimiyyət xalqın qanı üzərində qurulub.