“Bakı Metropoliteninin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər sırasında vaqon parkının müasir tələblər səviyyəsinə çatdırılması əsas vəzifələrdəndir. Çünki bu addımlar, ilk növbədə, sərnişinin təhlükəsizliyini, həm də rahatlığını nəzərdə tutur və yeraltı nəqliyyatın imicinə, ona inam və etibarın artmasına əsaslı təsir göstərir.
İstismar tələblərinə uyğun olaraq, metropolitendə vaqonların əsaslı təmir olunmaqla bərabər modernləşdirilməsi də təşkil edilir. Vaqonların modernləşdirilməsi həm də zamanın tələbidir. Bu tədbirlərlə qatar parkı yeni texnoloji səviyyəyə yüksəldilir. Nəinki metropolitenin yeganə elektrik deposunda müvafiq şərait, ümumiyyətlə, respublikamızda elektrik qatarlarının əsaslı təmiri üçün uyğun müəssisə olmadığından bu tədbirlər yalnız ölkə xaricində yerinə yetirilir”.
Bu barədə Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, hazırda “Bakı Metropoliteni”nin rəhbərliyi sıx əlaqələr qurulan Moskva elektrik qatarlarının təmiri zavodunun Tbilisi filialı ilə bu sahədə əməkdaşlıq edir: “Dərnəgül” elektrik deposu mövcud iki xəttin əsaslı təmir deposu olacaq və onun layihələndirilməsində əsaslı təmirin tələblərinə uyğun texnoloji prosesin təşkili nəzərdə tutulub. Bu isə müəssisədə, həm də ümumiyyətlə, dəmir yol hərəkət tərkiblərinin əsaslı təmir edilməsinə şərait yaratmaqla, Bakı metropoliteninin istehsal gücünü artıracaq”.





Gülşən RAUFQIZI