
Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Modern.az saytının məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Yaqub Mehdiyev, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayonun bir qrup ziyalıları, ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər..
Konfransda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının əhəmiyyəti barədə danışıb, rayon Ağsaqqallar Şurasının Şura üzvlüyünə olan namizədləri elan edib, təklif səsə qoyularaq qəbul edilib. Şura üzvlərindən İdarə Heyəti üçün namizədlər irəli sürülüb və səsvermə nəticəsində 11 nəfərdən ibarət İdarə Heyəti müəyyən edilib.
Seçki Konfransının gedişində İdarə Heyətinə üzv seçilən, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun nüfuzlu ziyalılarından olan Aslan Mehdiyev Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə İdarə Heyətinin üzvü, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyevin namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış edib, təklif səsə qoyularaq yekdilliklə qəbul olunub.
A.Rəfiyev çıxışında ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə edib, öz bilik və bacarığı, eləcə də qazandığı həyat təcrübəsindən istifadə edərək bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün rayonun ziyalıları, ağsaqqallları ilə birgə bütün imkanlarını səfərbər edəcəyini bildirib. Akif Rəfiyevin təklifi ilə Rayon Ağsaqqallar Şurasının sədr müavini vəzifəsinə rayon ziyalısı, uzun illər məsul vəzifələrdə çalışan Cahangir Qocayev seçilib.
Seçki konfransında həmçinin, Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyası üzvlüyünə namizədlər irəli sürülüb, təklif səsə qoyularaq qəbul edilib. Daha sonra Rayon Ağsaqqallar Şurası 9 ərazi təşkilatı üçün üzvlər və təşkilat sədrləri üçün namizədlər irəli sürülüb, səsvermə nəticəsində 4 mikrorayon və beş qəsəbə üzrə təşkilatlar və sədrlər müəyyənləşdirilib.
Səsvermə prosesindən sonra konfrans Şuranın üzvləri Hikmət Butayev, Həmid Mehdiyev və İlham Rəhimlinin çıxışları ilə davam edib, natiqlər ağsaqqallara dövlət səviyyəsində göstərilən ehtiramdan danışıblar.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edib, ağsaqqala olan hörmət-ehtiramı Azərbaycan cəmiyyətinin xarakterik cəhəti olduğuna toxunaraq bunun milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb.
Modern.az