Modern.az

Bakı Ali Neft Məktəbində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib

Bakı Ali Neft Məktəbində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib

Təhsil

2 Mart 2015, 11:26


Bakı Ali Neft Məktəbində (BANM) “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib. Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, rektor Elmar Qasımov Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin açılış mərasimində təşkilatçıları və iştirakçıları salamlayaraq, onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyətinin uğurları və perspektivləri haqqında ətraflı məlumat verib.

E.Qasımov BANM-in ölkə ictimaiyyəti, digər təhsil müəssisələri, elmi-tədqiqat institutları və yaradıcılıq mərkəzləri ilə daim sıx əməkdaşlıq etdiyini qeyd edərək, müsabiqənin məhz bu ali məktəbdə təşkilinin belə əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb. Rektor müsabiqə iştirakçılarına bu cür tədbirlərdə həmişə fəal iştirak etməyi tövsiyə etdi və onlara bilik yarışında uğurlar diləyib.

Bakı Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov müsabiqə iştirakçılarını salamlayaraq, yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini, gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu vurğulayıb. Bu istiqamətdə son illər təşkil olunan tədbirlərdən danışan H.Əsgərov təhsil sistemində ardıcıl olaraq həyata keçirilən islahatların perspektivlərini yüksək qiymətləndirib və müsabiqə iştirakçılarına bilik və bacarıqlarının nümayişində müvəffəqiyyətlər arzulayıb.

BANM-in “Kimya mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Nərmin Baxışova və “Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi, prezident təqaüdçüsü Pərnaz Səlimova təşkilatçılara və müsabiqə iştirakçılarına müraciətlərində bu ali məktəbin tələbəsi adını qazandıqlarından qürur hissi keçirdiklərini qeyd edərək, buradakı münbit təhsil mühitinin, məzmunlu və maraqlı tələbə həyatının onların şəxsiyyət və mütəxəssis kimi formalaşmasında böyük rol oynadığını vurğulayıblar. Tələbələr həmçinin müsabiqə iştirakçılarını gələcəkdə BANM-də ali təhsil almağa dəvət ediblər və tələbələrin sırasına qoşulan hər bir gəncə hamilik etməyə hazır olduqlarını bildiriblər.

Daha sonra 10 uşaq yaradıcılıq mərkəzinin, 2 yeniyetmə yaradıcılıq mərkəzinin,1 uşaq gənclər yaradıcılıq mərkəzinin, 7 texniki yaradıcılıq mərkəzinin, 1 gənc turistlər və diyarşünaslıq mərkəzinin, 2 şagirdlərin ekoloji tərbiyə və təcrübə mərkəzinin, 1 ekoloji tərbiyə və təcrübə mərkəzinin, 2 məktəbdənkənar tərbiyə işi mərkəzinin hər birində 3 nəfər olan 26 komandasının arasında müsabiqəyə start verilib. Komandaların üzvləri bir saat ərzində müsabiqə tapşırıqlarını yerinə yetirdikdən, sonra onların cavabları münsiflər tərəfindən qiymətləndirildi və qalib komandalar müəyyən edilib.

Tədbir çərçivəsində müsabiqə iştirakçıları üçün BANM ilə tanışlıq ekskursiyası təşkil olunub.

Yarışmanın yekununda 1-ci, 2-ci, 3-cü yerlərə çıxan komandaların üzvlərinə BANM-nin 1-ci, 2-ci və 3-cü dərəcəli diplomları və mükafatları təqdim edilib.







Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı