Modern.az

2500 yaşlı Qəbələnin Bakıda tədbiri keçiriləcək

2500 yaşlı Qəbələnin Bakıda tədbiri keçiriləcək

Təhsil

2 Mart 2015, 12:42

Modern.az xəbər verir ki, bu gün Bakıda Azərbaycanın qədim və zəngin mədəniyyətinin, turizm potensialının təbliğ olunması  məqsədi ilə keçirilən tədbirlər çərçivəsində Qəbələnin bədii kollektivlərinin, incəsənət ustalarının konserti, eləcə də  rayonun adət-ənənələrini, tətbiqi sənət, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını və turizm potensialını əks etdirən sərginin təşkili və nümayişi nəzərdə tutulub.

2500 yaşlı Qəbələ yeni inkişaf mərhələsində

Qədim Qəbələdən pərvazlanan bir sıra tarixi şəxsiyyətlər Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq, silinməz iz buraxıblar. İlk Azərbaycan generallarından olan İ.Qutqaşınlı realist nəsrin və bədii publisistikanın yaradıcılarındandır, Salman Mümtazın təbirincə desək, Avropa üsul və təsirində ilk hekayə yazan ədibimizdir. Rusiya imperatoru Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin ilk azərbaycanlı həqiqi üzvü olan İsmayıl bəy, həm də Azərbaycanın ilk kartoqrafıdır. Böyük maarifçi İ.Qutqaşınlı Şamaxıda ilk dünyəvi təhsil verən məktəbin bünövrəsini qoymuşdur. Şərq, türk-islam dünyasında ilk demokratik dövlətin qurucularından olan Şəfi bəy Rüstəmbəyli də Azərbaycan tarixi ilə bağlı bir çox ilklərə imza atıb, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan «Azərbaycan»ın ilk baş redaktoru olmuşdur. İstedadlı yazıçı və ssenarist İsmayıl bəy Musabəyovun da taleyinə ilk cığır açmaq nəsib olmuşdur. Onun «Neft və milyonlar səltənəti» əsəri əsasında ilk Azərbaycan filmi çəkilib.

AMEA-nın həqiqi üzvü Firudin Haşımzadə, AMEA-nın müxbir üzvləri Vahid Qəhrəmanov, Umnisə Musabəyova, Məcid Mərdanov, Qara Əhmədov,  Paris Elm, Tarix və Fəlsəfə Akademiyasının həqiqi üzvü Yusif Musabəyov,  Nyu-York Akademiyasının həqiqi üzvü Qaryağdı Səfərəliyev,  professorlar  Dursun Hüseynov, Cahangir Qəhrəmanov, Muxtar Abduyev, Xəlil və Xalid Əlimirzəyevlər, Natiq Yusifov, Salam Abdullayev, Minirə Qarayeva, Cahangir Şıxməmmədbəyov, Ələkbər Kərimov, Almaz Qaragözova, Elxan Kərimov, Vaqif Əhmədov, Elman Məmmədov, Əbdülsəid Əzizov, Baloğlan Şəfizadə, Muxlis Hacıyev və bir çox adını çəkə bilmədiyimiz digər alimlər də sələflərinin yolu ilə getmiş, çalışdıqları sahələrə yenilik gətirmiş, elmin inkişafına töhfə veriblər.

Qədim Qəbələ - Miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Təqribən 2500 il yaşı olan və 9 əsr Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhəri dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur. Bu şöhrəti  Qəbələ antik dövrdə olduğu kimi, orta əsrlərdə də  qoruyub saxlaya bilmiş, regionda çox mühüm rol oynayıb.

Müstəqil Azərbaycanın memarı Heydər  Əliyev ideyalarının ardıcıl və qətiyyətli  davamçısı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafı ilə bağlı həyata keçirdiyi nəhəng layihələrin sayəsində bu gün Qəbələ öz tarixinin mühüm inkişaf  mərhələlərindən birini yaşamaqdadır. Bu tarixi tərəqqidə rayonun ən böyük təəssübkeşi , millət vəkili Fəttah Heydərovun və görkəmli dövlət xadimi Kəmaləddin Heydərovun xidmətləri hər kəs tərəfindən etiraf edilir, təqdir olunur və yüksək dəyərləndirilir.  Qədim Qəbələ antik və orta əsrlərdə Avrasiyada  qudrətli mərkəzlərdən biri idisə, müasir Qəbələ  müstəqil , çiçəklənən  və qüdrətli Azərbaycanın bütün dünyaya səs salan  diyarlarından biridir.

Abid Tahirli

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı