“Azərbaycanda lider dedikdə, çox vaxt konkret şəxsləri nəzərdə tuturlar. Bəzən isə həmin şəxsiyyətlərə layiq olmadığı qiymət verilir. Liderlik probleminin kökündə məhz bu problem dayanır”.
Bunu Modern.az saytına REAL Hərəkatının üzvü, hüquqşünas Erkin Qədirli Azərbaycan müxalifətində yaranmış liderlik böhranının səbəblərini şərh edərkən deyib.
Erkin Qədirli bildirib ki, liderlik şəxsiyyət yox, funksiyadır. Onun sözlərinə görə cəmiyyətdə bu funksiyanı yerinə yetirməklə bağlı tələb yarandıqda, adamlar içərisindən kiməsə bu məsuliyyəti həvalə ediləcək.Hüquqşünasın fikrincə, Azərbaycan cəmiyyətində liderliyə tələbatın yaranmamasının obyektiv və subyektiv səbəbləri var: “Bu funksiyaya ehtiyac yaranmayacaqsa, təbii ki, cəmiyyətin lider axtarışı da olmayacaq və yeni lider ortaya çıxmayacaq. Çünki bu elə bir şey deyil ki, kimsə çıxıb cəmiyyətə özünü təqdim etsin və desin ki, liderdir. Liderliyə kəskin ictimai ehtiyac yaranmalıdır və toplum bundan sonra axtarışa çıxır. Toplumun ehtiyacı olduqda, bəzən heç kəsin tanımadığı bir adam da meydana çıxıb lider ola bilər”.
Erkin Qədirli hansı situasiyalarda liderliyə ehtiyac yaranması tendensiyalarından da danışıb. O bildirib ki, əsasən, kəskin böhran zamanlarında yeni liderin ortaya çıxması zəruri olur.
“Bu, müharibə, məğlubiyyət, güclü iqtisadi böhran vəziyyətlərində baş verə bilər. Azərbaycanda isə liderlik anlayışı yanlışdır. Xristianlar İsa peyğəmbəri, şiələr Mehdini gözləyən kimi, bizim cəmiyyətdə də belə düşünürlər ki, hansısa bir adam çıxıb xalqı öz ardınca aparacaq. Liderin funksiyası önə getmək, riskləri, məsuliyyəti öz üzərinə götürməkdən ibarətdir”,-deyə Erkin Qədirli söyləyib.
REAL üzvü Azərbaycanda kəskin ictimai tənəzzül yaransa belə, kimin lider olacağının sual altında qaldığını bildirib: “Heç kəs bu sualın cavabını dəqiq verə bilməz. Məsələnin maraqlı tərəfi də elə budur. Liderin komandası, çevrəsi olmalıdır”.
Aqşin Kərimov