Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Qazaxda baş vermiş dəhşətli qətllə bağlı birgə məlumat yayıb. Modern.az saytı xəbər verir ki, birgə məlumata görə, Qazax rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən “isti izlərlə” həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilib.
Belə ki, həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilmişdi.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub.
İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A.Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Modern.az