Türkiyənin Diyanət İşləri naziri Mehmet Görmez Ankarada Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.
Modern.az saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, türkiyəli nazir görüşdə “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimiz, hüznü, kədəri bizim hüznümüz, kədərimizdir” deyib.
Mehmet Görmez Xocalı faciəsindən söz açıb: “Millətimiz ən azından Azərbaycanda yaşayan qardaşları qədər o hüznü, o kədəri, o dərdi öz qəlblərində daşımağa davam edəcəklər”.Türkiyəli nazir Mübariz Qurbanlıya öz işində uğurlar arzulayıb. Mehmet Görmez regionda cərəyan edən mənfi dini proseslərə də toxunub. Onun fikrincə, sağlam dini maarifləndirmə aparmaq yüksək dini təhsil problemdən tək çıxış yoludur.
O qeyd edib ki, Azərbaycanın bu sahədə zəngin təcrübəsi var.
Mübariz Qurbanlı isə söyləyib ki, əsas hədəflər Azərbaycandakı dini dəyərləri nəsildən-nəslə ötürməkdən ibarətdir.
“Ancaq bizim ölkədə xaricdən radikal qrupların təsirini görməkdəyik”-deyən Mübariz Qurbanlı əlavə edib ki, Türkiyədə belə radikal qruplar o qədər də özünə yer etməyib. Komitə sədri vurğulayıb ki, Azərbaycan Türkiyənin din təcrübəsindən yararlanmaq istəyir.
Modern.az