“Yeni yaradılan Demokratiya və Rifah Təşkilatının (ADR) ofisi yoxdur. Düzdür, təşkilat üçün yeni ofis təklifləri gəlir. Amma hələ ki həmin yerləri qəbul etməmişik”. Bunu Modern.az-a açıqlamasında ADR təşkilatı sədrinin I müavini Vurğun Əyyub deyib.
Onun fikrincə, ADR-in sədri Qubad İbadoğlunun ABŞ-a getməsi burdakı işlərin gedişinə mane olmayacaq: “Əslində, Qubad bəyin Amerikaya 5 ay müddətinə yollanacağı əvvəlcədən məlum idi. Onunla bir yerdə oturub bu məsələni müzakirə etdik. Qubad bəyin bu proqramda iştirakını daha vacib və məqbul hesab etdik. Bildiyiniz kimi, ADR-in qarşısında duran 3 əsas vəzifədən biri ölkənin inzibati ərazi bölgüsünə uyğun olaraq təşkilatlanmaqdır. Bu vaxta qədər 35 rayonda təşəbbüs qrupları yaratmışıq. İndi isə bütün ölkəni əhatə etmək fikrindəyik. Həmin təşəbbüs qrupları fəaliyyətlərini genişləndirib rayon təşkilatlarının konfranslarını keçirməlidirlər. Qubad bəyin burda olmadığı dövrdə işlərin müəyyən hissəsini başa çatdırmağa çalışacağıq. Bildiyimə görə Hikmət Hacızadə də orada iştirak edir. Bu, siyasi yönümlü proqramdır. 5 ay müddətində Qubad bəy orada mühazirələr oxuyacaq, görüşlər keçirəcək, araşdırmalar aparacaq”.
Vurğun Əyyub ADR-ə qoşuln digər partiyaların nümayəndələrindən də danışıb: “Müsavat Partiyasının nə qədər üzvünün ADR-də təmsil olunduğunu deyə bilmərəm. Çünki hər gün Müsavat Partiyasından bizə qoşulanlar olur. Əsasən Müsavat, KXCP, Ədalət partiyalarının üzvləri bizə qoşulub. Hətta YAP-dan da ADR-ə qoşulan var”.
Namidə BİNGÖL