Bu gün Ermənistan parlamentində sabiq prezidentlərin bu statusda dövlətdən alacaqları təqaüdün məbləği ilə bağlı müzakirələr keçirilib və onlara hazırki prezidentin aldığı məvacibin 70 faizi səviyyəsində təqaüd kəsilməsi qərara alınıb. Bununla da eks-prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan ömürlərinin sonuna qədər ayda 1930 dollar təqaüd alacaqlar.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bəzi müxalif deputatlar prezidentlərə ayrılan məbləğin həcmindən narazılıq ediblər.“İrs” Partiyasının parlament fraksiyasının deputatı Zarui Postancyan isə ümumiyyətlə, eks-prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryanın pula ehtiyacı olmadığını deyib: “İzah edin, təqaüd onların nəyinə lazımdır?
Mən bildiyimə görə, hər iki keçmiş prezident kasıb adam deyil. Kasıblıq həddindən də aşağı sosial durumda olan 1 milyon insanımıza nə deyəcəksiniz? Milyon ac insana!” Müxalifətçi xanım deputatın sözlərinə görə, onda dövlətin keçmiş prezidentləri, xüsusən də Robert Köçəryanı zorla təqaüdə göndərmək təəssüratı yaranıb.
Modern.az