
Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hüquq müdafiəçisinin vəkili Əlibaba Rzayev Modern.az saytına deyib ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərov da iştirak edib:
“Prosesdə ittiham tərəfinin təqdim etdiyi beş şahid dindirildi. Şahid ifadələrində Rəsul Cəfərov əleyhinə heç nə yox idi. Onlar xidmət müqaviləsi çərçivəsində ayrı-ayrı layihələr üzrə işləyənlərdir. İbtidai istintaq dövründə onları dəvət ediblər ki, ifadə verin görək xidmət müqaviləsindəki imzalar sizindirmi, mədaxil qəbzində yazılan pulu almısınızmı və hansı xidmətləri göstərmisiniz. Şahidlər ifadələrində imzaların onlara məxsus olduğunu, mədaxil qəbzinə yazılan pulu aldıqlarını və layihədə göstərdikləri xidmətləri yerinə yetirdiklərini bildiriblər.
Əslində ittiham tərəfi bu şahidləri nəyə ğörə məhkəməyə öz sübutları kimi dəvət edir, biz bunu anlamırıq. Bu ifadələr təqsirləndirilən şəxsin xeyrinə olan sübutlardır”.
Əlibaba Rzayev bildirib ki, Rəsul Cəfərov zəruri olan hallarda ona verilən suallara cavab verib: “Bu prosesdə ona icarəyə götürdüyü obyektlə bağlı sual verildi. Ondan soruşuldu ki, icarəyə götürdüyünüz ofisiniz olduğu halda nəyə görə mühasibatlıq başqa obyektdə oturub işləyib? Bildirdi ki, həmin dövrdə icarəyə götürdükləri mənzil altı aylıq başqa bir layihə ilə bağlı olub. Növbəti proses martın 12-də yeni şahidlərin ifadəsi ilə davam edəcək”.
İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.
Yeganə OQTAYQIZI