Modern.az

“AMAY”ın rəhbəri ilə bağlı mülki iddia icraata götürülüb

“AMAY”ın rəhbəri ilə bağlı mülki iddia icraata götürülüb

Təhsil

5 Mart 2015, 16:18

Martın 5-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə məhkəmə prosesi keçirilib. Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, ötən prosesdə zərərçəkən şəxs qismində Orxan Cəfərov 2 milyon 120 min manat mülki iddia tələbi irəli sürüb: “Hakim iddianın araşdırılmasını bugünkü məhkəməyə saxlamışdı. Mülki iddianın icraata qəbul olunmaması ilə bağlı vəsatət verərək əsaslandırdım ki, Orxan Cəfərov zərərçəkən deyil, o, istintaq dövründə də zərərçəkən qismində tanınmayıb, əmlakına heç bir zərər dəyməyib. Onun adına “Xudafərin” MMC-də nə müqavilə olub, nə də əmlak. Zərər çəkməyən şəxsin bu formada mülkü iddia qaldırmaq hüququ yoxdur. O şəxs mülki iddia qaldıra bilər ki, birbaşa onun özünə və əmlakına maddi zərər dəymiş olsun. Mülkü iddianın icraata qəbul olunmaması və həmin şəxsin zərərçəkənlərin siyahısından çıxarılması  ilə bağlı qaldırdığım vəsatət təəssüf ki, təmin olunmadı. İddia icraata qəbul olundu.

Məhkəmədə çıxış edən Orxan Cəfərov iddia edir ki, nənəsi Minarə Quliyeva 2003-cü ildə torpaq sahəsi alıb. Torpağı aldıqdan bir müddət sonra “Xudafərin” MMC həmin ərazini zəbt edib. Məhkəmələr də onları haqlı sayıb. Nənəsi də 2011-ci ildə rəhmətə getdiyi üçün məhkəmələrdə onun hüquqi varisi kimi ifadə verib”.

Əkbər Bağırovun sözlərinə görə, bu gün verdiyi vəsatətin təmin olunmaması əsassız və qanunsuzdur: “Buna görə də işə qanunvericiliyin tələbinə uyğun baxılması ilə bağlı vəsatət verdim. Hakim dedi ki, bu, onların qanunvericilikdən irəli gələn vəzifədir. Bildirdim ki, qanunvericilik vəzifəsi olmasına baxmayaraq, siz vəsatətlərin təmin olunmamasını qanunsuz, əsassız hesab edirsiniz. Prosesdə Abdulla Abdullayaev dindirildi. Müsavirədən sonra hakim məhkəməni martın 6-na qədər təxirə saldı”.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsi onun həbsinin bu il fevralın 4-dək uzadılması haqda qərar qəbul edib.

Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir.

İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı