
Lənkəran Şəhər İcra Hakimiyyəti ötən ilin avqust ayında düşmən qüvvələrinin hücumunun qarşısının alınması zamanı ağır yaralanmış Sərxan Kamil oğlu Tahirzadənin mətbuata etdiyi şikayətlərə cavab verib.
“Bildiririk ki, vətəndaşın reabilitasiyasının və sosial müdafiəsinin təşkili, əlil insan kimi rahat yaşamasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumları ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən də müvafiq tədbirlər görülüb.
Bu barədə Modern.az-a Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib.
İcra Hakimiyyətindən qeyd ediblər ki, S.Tahirzadə hələ Türkiyədə müalicə olunarkən onun valideynləri iki dəfə Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı tərəfindən qəbul olunub, ailənin sosial durumu, maddi-məişət şəraiti öyrənilib, yaralı əsgərin evə qayıdışına hazırlıqla bağlı bir sıra tədbirlər görülüb.
“Bununla əlaqədar şəhər İcra hakimiyyətinin daxili imkanları hesabına S.Tahirzadənin yaşadığı evin ikinci mərtəbəsinə bitişik beton sütunlar üzərində ən müasir avadanlıqlarla təchiz edilmiş əlavə vanna otağı və fiziki imkanları məhdud olan insanlar üçün uyğunlaşdırılmış sanitariya qovşağı tikilib istifadəyə verilib, fasiləsiz isti və soyuq su təchizatını təmin etmək məqsədilə yeni su çəni və su qızdırıcı quraşdırılıb. Xəstənin rahat hərəkəti üçün evin daxilindən həm vanna otağına, həm də sanitariya qovşağına əlavə qapılar və pəncərələr qoyulub, evinə qaz, su, telefon, internet xəttləri çəkilib, yeni telefon aparatı, madem və noutbook alınaraq proqram təminatı ilə təchiz edilib. Sərxan Tahirzadənin rahatlığı üçün vacib olan təzə yataq taxtı və kreslo alınıb evində quraşdırılıb. Təmir-tikinti və məişət avadanlıqlarına 9436 manat vəsait xərclənib”.
S.Tahirzadənin qəbula buraxılmaması ilə bağlı bildirilib ki, vətəndaş şəhər İcra hakimiyyətinə gələrkən onun qoltuq ağacları ilə pilləkənləri qalxıb əziyyət çəkməməsi üçün icra başçısı Taleh Qaraşov şəxsən özü birinci mərtəbəyə düşərək onu qarşılayıb, istək və arzularını dinləyib, xahişi nəzərə alınaraq həyətinin asfaltlanması ilə bağlı tapşırıqlarını verib.
“Həmin görüşdə icra başçısı tərəfindən vətəndaşa 500 manat maddi yardım edilib. Artıq həyətə qum-çınqıl döşənərək hamarlanıb, asfaltlanma üçün hazırlıq işləri texnika vasitəsilə tam başa çatdırılıb. Havalar istiləşən kimi həyət asfaltlanacaq.
Bundan əlavə icra başçısının tapşırığı ilə başçının birinci müavini Milli Məclisin deputatının iştirakı ilə vətəndaşın evinə gedib ona baş çəkib, onunla görüşərək sağlamlıq durumu, yaşayış tərzi ilə bir daha yerindəcə maraqlanıb. Görüş zamanı Sərxan Tahirzadə ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Mütəmadi olaraq hər ay Tahirzadəyə daxili imkanlar hesabına 50 manat maddi yardım verilir. Yaxın günlərdə Sərxan Tahirzadə tibbi müayinədən keçmək məqsədilə Bakı şəhərinə getməkdən ötrü müraciət edib, ona bu məqsədlə şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına yol və digər xərclər üçün 300 manat məbləğində maddi yardım verilib. Amma onun Bakıya səfərinin sorağı müalicə ocağından deyil, hansısa mətbuat orqanının redaksiyasından gəlib. Görəsən, bütün bunlar Sərxan Tahirzadəyə dövlət qayğısı deyil, bəs nədir? Bütün bunları araşdırmadan, öyrənmədən, şəhər İcra Hakimiyyətilə heç bir sorğu aparmadan Sərxan Tahirzadənin diqqətdən, qayğıdan kənar qaldığını iddia edən bəzi mətbuat orqanlarının məqsədi, məramı nədir? Sərxanın sağlamlıq durumundan, yaralarkən keçirdiyi psixoloji gərginlikdən irəli gələn həyəcanından, məsələlərə dərindən varmamasından sui-istifadə edib həqiqətə uyğun olmayan informasiya yaymaq ictimai rəyi çaşdırmaq cəhdindən başqa bir şey deyil və heç bir jurnalistə şərəf gətirmir.
Bir daha qeyd etmək istəyirik ki, nəinki təkcə Sərxan Tahirzadə, bu kateqoriyadan olan bütün imtiyazlı vətəndaşlar şəhər İcra Hakimiyyətində növbəsiz qəbul olunur, problemlərinin həllindən ötrü müvafiq tədbirlər görülür. Sərxan Tahirzadə həmişə olduğu kimi, bundan sonra da istədiyi vaxt icra başçısının qəbulunda da ola bilər, hər hansı məsələ ilə bağlı müraciətini də istədiyi formada çatdıra da bilər.
Lənkəran Şəhər İcra Hakimiyyəti olaraq bir daha bildiririk ki, vətən torpaqlarının müdafiəsi zamanı həlak olanların ailələrinin, Qabağ əlillərinin, o cümlədən cəbhə bölgəsində yaralanaraq əlil olan, sağlamlıq imkanlarını itirən vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasını, reabilitasiyasına köməkliyin olunmasını özümüzün ən ümdə vəzifəsi hesab edirik və bundan sonra da bu istiqamətdə lazımı işlərin görülməsini təmin edəcəyik”-deyə İcra Hakimiyyətindəın Modern.az-a verilən açıqlamada qeyd edilib.
Modern.az