“İndi banklarda dollarla ödəmələrdə problemlər yaranıb. Qorxuram ki, əlaqədar təşkilatlar bu problemin həlli prosesini uzadacaqlar. Yenə sonda bu problem Milli Məclisin üstünə atılacaq”.
Modern.az-ın məlumatına görə, bunu deputat Əli Məsimli Milli Məclisin bugünkü iclasında deyib. O bildirib ki, aidiyyəti təşkilatlar öz funksiyalarını vaxtında yerinə yetirməlidir. Deputatın fikrincə, Mülki Məcəllədə və Konstitusiyada hesablaşmaların manatla aparılması aydın şəkildə göstərilib: “Bunlar Mülki Məcəllənin müvafiq maddələrində də öz əksini tapıb. Əlaqədar təşkilatlar və qurumlar hüquqi mexanizmə malikdir. Bu məsələ Milli Məclisə gəlmədən həll oluna bilər”.
Əli Məsimli ipoteka kreditləri ilə bağlı təkliflərini də səsləndirib. Onun sözlərinə görə, ipoteka kreditlərinin məbləği artırılmalıdır: “Heç olmasa, bu məbləğ 50 mindən 70-80 minə qədər artırılmalıdır. İpoteka faizləri isə aşağı salınmalıdır. Adi ipoteka 8 faizdən 4 faizə endirilməli, sosial ipotekanın faizləri isə 4 faizdən 3 faizə qədər azaldılmalıdır. İlkin ödənişlər də ya yumşaldılsın, ya da xüsusi bir fond yaradılsın. Bu proses inkişaf etdirilməlidir. İpoteka təkcə Bakı ilə yekunlaşmamalıdır, regionlara da tətbiq edilməlidir”.
Aqşin KƏRİMOV