Modern.az

Moskvadakı azərbaycanlı qadınlar “Nicat” Xeyriyyə Cəmiyyəti yaratdılar

Moskvadakı azərbaycanlı qadınlar “Nicat” Xeyriyyə Cəmiyyəti yaratdılar

Təhsil

7 Mart 2015, 13:07


Martın 5-də, Beynəlxalq qadınlar günü ərəfəsində Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondunun (AMİİF) və Azərbaycan-Slavyan Gənclər assosiasiyasının Moskva nümayəndəliyinin təşəbbüsü və dəstəyilə “Rusiyadakı Azərbaycan diasporunda azərbaycanlı qadınların rolu” adlı dəyirmi masa keçirilib.

Toplantıda Moskvada yaşayan işgüzar azərbaycanlı qadınlar, tələbə gənclər, adı çəkilən cəmiyyətlərin fəal üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri AMİİF-in rəhbəri Şamil Tağıyev açıb. Azərbaycan qadınlarını 8 Mart münasibəti ilə təbrik edən .Tağıyev Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçki hüququ verildiyini, eləcə də ilk qızlar gimnaziyası açıldığını vurğulayıb.

Azərbaycan-Slavyan Gənclər assosiasiyasının Moskva nümayəndəliyinin sədriToğrul Allahverdiyev isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinin hər zaman qadınlarımıza nümunə olduğunu deyib. O, qadınların diasporamızın həyatındakı önəmindən danışaraq RAGB-ın rəhbəri Leyla Əliyevanın Rusiyadakı fəaliyyətindən danışıb.

Dəyirmi masa Azərbyacan və Rusiya Yazıçılar birliklərinin üzvü şairə, publisist Afaq Şıxlının cıxışı ilə davam etdirilib. Tədbirin mahiyyətini açıqlayan şairə, Azərbaycan qadınlarının bayramını gözəl bir şeirlə təbrik edib. Diasporumuzun həyatında fəal iştirak edən xanımlardan uzaq diyarda ana dilinmizin tədrisi sahəsində böyük işlər görmüş müəllimələr Validə Məmmədova, Xalidə Səmədova, Mehriban Abdullayeva, Səbinə Rəhimova, AZƏRTAC-ın Moskvadakı xüsusi müxbiri Fəridə Abdullayeva, MDDU-nin Azərbaycan dili mərkəzinin sədri Bella Musayeva, Azərbaycan etnomənşəli məktəbin metodisti Sevil İsmayılova, “Mən sənə inanıram” MQKT-nın sədri Naibə Həsənova, müvəffəqiyyətli iş adamı Turan xanım,  “yenises.ru” saytının rəhbəri Tünzalə Vəliqızı, gənc həkim Aytən Məmmədova, fəal gənclərdən Aişə Cəfərova öz peşələrindən, gördükləri işlərdən, Azərbaycan diasporunun Rusiya cəmiyyətinin həyatında oynadığı roldan danışıblar. O cümlədən Azərbaycan tarixində, elmində, mədəniyyətində, siyasətində qadınların oynadığı rol da diqqətə çatdırılıb.

Maraqlı məqamlardan biri də 8 ildir fəaliyyət göstərən, yüzlərlə rus gəncinə Azərbaycanı və Azərbaycan dilini sevdirən Bella Musayevanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar müəllim” adı verilməsi olub. Tədbirin iştirakçıları Afaq Şıxlının anası Mirvari Şıxlinskayanın doğum gününü də təbrik edərək, Azərbaycan ədəbiyyatını və mədəniyyətini Vətəndən uzaqlarda təblig edən şairəni dünyaya gətirən anaya öz hörmət və ehtiramlarını bildiriblər.

Tədbir çərçivəsində Şamil Tağıyev:  “Mənə elə gəlir ki, bizim qadınlarımızın öz fəaliyyətləri ilə daha böyük nailiyyətlər qazanmağa qabildirlər. Odur ki, külüngü bir yerə vurmaq üçün yeni bir cəmiyyətin yaranmasına ehtiyac var”, - deyərək , Moskvada qadınlar cəmiyyəti yaradılması kimi məsələ ortaya qoyub.

Şairə Afaq Şıxlı 1908-ci ildə Həsənbəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikovanın yaratdığı və rəhbərlik etdiyi “Nicat” Qadın Xeyriyyə Cəmiyyətinin gördüyü işlər davam etdirməyi və bu cəmiyyətə yeni həyat verməyi təklif edib.
“Yeni cəmiyyət yaratmaq çətin deyil, lakin 20-ci əsrin əvvəlindəki çətin zamanlarda, Azərbaycan qadınının hüquqlarının tapdalandığı bir dövrdə ilk savadlı və maarifpərvər qadınlarımızdan biri olan Hənifə xanım Məlikovanın böyük səyilə ərsəyə gəlmiş “Nicat” Azərbaycan Qadın Xeyriyyə cəmiyyətinə ikinci həyat vermək, məncə daha gözəl olardı”.
Sonra şairə qeyd edbi ki, bu cəmiyyət heç kimin sədrliyi ilə idarə olunmayacaq. Kiminsə öz adını reklam etməsi üçün bir vasitə olmayacaq. O səbəbdən də, bayrağımızın üzərindəki səkkizguşəli ulduzun rəmzi olaraq səkkiz qadından ibarət məsləhət şurası təsis edilsin. Cəmiyyətin feminist yönlü olmadığını bildirmək üçün isə, koordinator olaraq bir nəfər kişi də seçilsin. Afaq Şıxlı təklif edib ki, birliyin üzvlərinin seçilən nişanəsi  – Azərbaycan qadınlarının milli atributu “kəlağayı” olsun.

Afaq Şıxlının təklifləri yekdilliklə qəbul olunub və gizli səsvermə yolu ilə məsləhət şurası seçilib. Koordinator olaraq Şamil Tağıyevin namizədliyi irəli sürülüb.

Birliyiyn məqsədi - gənc qızların milli mentalitetimizə uyğun layiqli xanımlar kimi yetişdirilməsinə diqqət göstərmək, mövcud problemləri müzakirə etmək, qadınların cəmiyyətin sosial həyatında yaxından iştirakını təmin etmək, uşaq evlərini, qocalar və əlillər evlərini ziyarət etmək, imkansız qocalara və xəstələrə yardım etmək kimi xeyriyyə işləri olacaq.

Birliyin növbəti toplantısını aprelin 2-də Kəlbəcərin işğal gününə həsr etmək qərara alınıb.

Sonda təşkilatçılar adından qadınlara hədiyyələr verilib.




Nilufər Şıxlı
Moskva

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı