
Ötən gecə Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib. Modern.az-ın məlumatına görə, hadisə nəticəsində tanınmış tibb işçisi, Bakıdakı Tusi adına klinikanın tibbi direktor müavini Xalid Umudov dünyasını dəyişib.
X.Umudovun olduğu avtomobil Badamdar şossesindən Mikayıl Müşfiq küçəsinə doğru hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxarıb, xəstəxanaya aparıblar. Lakin təəssüf ki, tanınmış həkimi xilas etmək mümkün olmayıb. Məlum olub ki, onun qaraciyəri həddən artıq sıxıldığından, parçalanıb və X.Umudov təcili yardım maşınında keçinib.
Həmkarları arasında böyük hörmət sahibi olan Xalid doktoru jurnalistlər də çox yaxşı tanıyırlar. Belə ki, Xalid Umudov Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə media işçilərinin pulsuz müayinə aksiyalarında iştirak edib, dəfələrlə jurnalistlərin səhhətində yaranmış problemlərin təmənnasız həllinə yardım göstərib. X.Umudov hər dəfə jurnalistlərin müayinə olunması prosesində əvvəldən sonadək şəxsən iştirak edib.
Allah rəhmət eləsin.


Modern.az