Martın 11-də Bakı Apelyasiya Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşada çıxarılan hökmdən şikayətinə baxılıb.
Universitet tələbəsi olan 17 yaşlı Əlgüşad Gülalıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Oktyabrın 30-da Xətai rayon Məhkəməsi ona 6 ay islah işləri cəzası verib, hər ay əmək haqqından 15 faiz cərimə kimi tutulması haqda qərar çıxarıb.
Oqtay Gülalıyev Modern.az saytına bildirib ki, ötən prosesdə Apelyasiya Məhkəməsinin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət verdik: “Biz Xətai rayon Məhkəməsinin hökmü ədalətsiz və qərəzli hesab edirik. Çünki orda bir sıra qanun pozuntuları var. Məhkəmə vəsatəti qəbul etmədi. Biz bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verdik.
Apelyasiya Məhkəməsi qeyri-müəyyən vaxta qədər təxirə salındı. Ali Məhkəmə işə baxandan sonra iş yenidən Apelyasiya Məhkəməsinə qaytarılacaq”.
Yeganə OQTAYQIZI