Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin martın 11-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyni qarşılayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Məmnun Hüseynə, Pakistan İslam Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
***
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirilib. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az