Modern.az

I Avropa Oyunlarının məşəli Qarabağa aparıldı - FOTOLAR

I Avropa Oyunlarının məşəli Qarabağa aparıldı - FOTOLAR

Təhsil

8 May 2015, 10:38


Azərbaycanın şəhər və rayonlarını dolaşan I Avropa Oyunlarının məşəli mayın 7-də Qarabağ torpağına – cəbhə xəttində yerləşən Horadiz şəhərinə aparılıb.

Modern.az saytı xəbər verir ki, axşam saatlarında məşəlin Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub.

Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov I Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra məşəl yürüşü başlanıb. Rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəliblər.

Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər “Bakı-2015” Birinci Avropa Oyunlarının qədim və müqəddəs Atəşgah məbədindən götürülmüş alovunu coşqu ilə qarşılayıblar.

Sonuncu yürüşçü Rövşən Ələsgərov səhnəyə qalxaraq, I Avropa Oyunlarının məşəlini alovlandırıb. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırılıb. Çıraq yarışların sonuna qədər “Bakı-2015”in rəmzi kimi rayonda saxlanılacaq.

Qəhrəmanlar Parkında keçirilən festival əsl xalq bayramına çevrilib. Mərasimdə aprelin 26-da Birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin iştirakı ilə keçirilən konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qalıb. İdmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, səhnədə nümayiş etdirilən Alov şousu festivalda iştirak edən 15 min nəfərdən artıq Füzuli sakininin böyük sevincinə səbəb olub.

Tədbirdə bildirilib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizdə hökm sürən əmin-amanlığın, ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın göstəricisidir.
“I Avropa Oyunlarının məşəlinin ölkəmizin bölgələrini gəzməsi, rayon mərkəzlərində, şəhərlərdə keçirilən festivallar həm də Azərbaycanı dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir. Bu gün bütün dünya Azərbaycanın mədəniyyəti, tarixi, insanları haqqında məlumatlanır, paytaxt Bakı ilə yanaşı bölgələrimizdə, kənd və qəsəbələrimizdə gedən sosial-iqtisadi inkişafın şahidi olur. Bütün bunlara görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”-deyə təbirdə vurğulanıb.

Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.




















Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı