Mayın 8-də Milli Məclisin deputatı, Qarabağın Azərbaycanı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin bir qrup üzvü ilə görüşüb.
Bu barədə Modern.az saytına məlumatı Azərbaycan Vətən Müharibəsi Birliyindən (AVMB) məlumat verilib.
Şuşanın işğal gününə təsadüf edilən görüşdə deputat ilə keçmiş döyüşçülər arasında torpaqlarımızın işğaldan azad olunması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Döyüşçülər prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini, yaxın zamanlarda birmənalı şəkildə İlham Əliyevin liderliyi ilə Qarabağ və ətraf rayonların işğaldan azad olunaçağını əminliklə bildiriblər:
“Döyüşçülər hər zaman döyüşə hazır olduqlarını deyiblər. Görüşdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün onların mütləq cəbhə bölgələrinə cəlb olunmasının vacibliyi qeyd edilib. Döyüşçülər könüllü şəkildə döyüş bölgələrinə getməyə hazır olduqlarını bir daha bəyan ediblər”.
Rövşən Rzayev bildirib ki, hazırda dünyada müxtəlif proseslər gedir:
“Dünyanın bir çox bölgələrində müharibə ocaqlarının sayı artır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət artıq ölkəmizin sabitliyinin qarantıdır. Bu gün də bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Təbii ki, bu sabitliklə yanaşı, biz torpaqlarmızın azad olunmasını da istəyirik. Bu yöndə prezidentimiz xeyli işlər görüb. Sadəcə, erməni tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində torpaqlarımızın işğaldan azad olunması məsələsi ləngiyir. Amma sizin də qeyd etdiyiniz kimi, əminliklə çox yaxın zamanlarda liderimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq”.
Rövşən Rzayev onu da qeyd edib ki, bəzən cəmiyyətdə yanlış fikirlər dolaşır ki, işğal olunan bölgəni həmin yerdə doğulan və yaşayan insanlar azad etməlidir:
“Biz bilməyik ki, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü pozulub. Bu bütövlüyün bərpa olunması üçün hər birimiz üzərimizə düşən yükü mütləq götürməliyik. Gücümüz çatan məsələlərə öz fəaliyyətimizlə yardım göstərməliyik”.
AVMB-nin sədri Füzuli Rzaquliyev görüşdə onların bəzi üzvlərinin üzləşdikləri sosial problemləri qaldırıb:
“Bəzən iş yerlərində ixtisarlar zamanı veteranlara ayrılan kvota məsələsi nəzər alınmır. Bu da qanunvericiliyə ziddir”.
Rövşən Rzayev həmin məsələlərin Milli Məclis səviyyəsində qaldıracağını bildirib.





Sevinc Yasinqızı