Modern.az

Deputat hökuməti “ucuz sosial mənzillər” tikməyə ÇAĞIRDI

Deputat hökuməti “ucuz sosial mənzillər” tikməyə ÇAĞIRDI

Eğitim

15 Mart 2016, 13:10

“Respublikamızın bütün bölgələrində sosial mənzil fondunun yaradılması zəruridir”.

Bu sözləri deputat Elmira Axundova Milli Məclisin iclasında deyib.  O qeyd edib ki, mənzil qıtlığının yaranması ilə bağlı yüzlərlə şikayət gəlir.  

Modern.az saytı deputatın çıxışını təqdim edir:

"Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatını oxudum, ilkin olaraq onu deməliyəm ki, bu hesabat ətraflı və dəqiq hazırlanıb. 2014-cü illə müqayisədə ümumi daxili məhsul 1.1 faiz artmışdır. Neftin qiymətinin düşməsi fonunda qeyri-neft sənayesində istehsal həcminin 8.4 faiz artması mühüm amildir. Xüsusən qida məhsulları istehsalında 2.9 faiz, tikinti materiallarının istehsalında 6.3 faiz, hazır metal məmulatların istehsalında 54.1 faiz xüsusilə mühüm göstəricilərdir. Çünki əhalinin qida təhlükəsizliyinin təmin olunması, ölkədə tikinti, abadlıq və quruculuq işlərinin davam etdirildiyi dövrdə qeyd etdiyim sahələr üzrə istehsalın artımı müsbət haldır.

Əlbəttə ki, biz dövlətin gərgin fəaliyyətini qənaətbəxş hesab edirik. Bu hesabatın lehinə səs verəcəyik, lakin manatın devalvasiyasından sonra və ümumdünya iqtisadi böhranı şəraitində respublikada yaşanan gərginliklə əlaqədar hökumətimiz tərəfindən bir sıra mühüm addımların atılmasını məqsədəuyğun sayardım və bununla əlaqədar bəzi təkliflərimi səsləndirmək istərdim.
İlk növbədə kənd yerləri də daxil olmaqla Sosial Mənzil Fondu yaradılmasının zəruriliyini qeyd edərdim. Hal-hazırda respublikamızda mənzil fondunun qıtlığı ilə əlaqədar çox gərgin vəziyyət yaranıb. Şəxsən mənim qəbuluma yüzlərlə adam məhz ev şəraiti ilə əlaqədar gəlir. Respublikanın bütün regionlarında belə demək olarsa, “ucuz sosial mənzillər” tikilməli və müxtəlif güzəştlərlə, aşağı qiymətlə xüsusən çoxuşaqlı, aztəminatlı, gənc ailələrin ixtiyarına verilməlidir. Biz bu barədə uzun illərdir ki, danışırıq, lakin sözdən irəli getmirik. Sosial Mənzil Fondunun yaradılması tikinti sektorunda canlanmaya səbəb ola bilər, ələlxüsus ona görə ki, sosial mənzillərin tikintisində iştirak edən şirkətlərə dövlət tərəfindən müəyyən güzəştlər ediləcəkdir.
Digər məsələ ünvanlı sosial yardım İnstitutu ilə bağlıdır. Bu günlərdə Masallıda keçirdiyim qəbul zamanı sosial yardımın əhalidə formalaşdırdığı ağır fəsadları bir daha əyani şəkildə müşahidə etdim. Belə ki, qəbula gələnlərin demək olar ki, 80-90 faiz müraciətləri ünvanlı sosial yardımın və  maddi köməyin edilməsi ilə bağlı idi. Mənim yadıma gəlir, 5-10 il qabaq demək olar ki, heç kəs özünə sığışdırıb xanım deputatdan pul istəməzdi, əsasən iş barədə müraciət edərdilər. Lakin ünvanlı sosial yardım əhalini ələbaxımlılığa öyrətdi. Bundan savayı cəmiyyət daxilində müxtəlif narazılıqlar yaratdı, belə ki, sosial yardım almayan alandan və dövlət orqanlarından, sosial yardımı alan onun həcminin azlığından şikayətlənir və s. və ilaxır. Zənnimcə, ünvanlı sosial yardım bir institut kimi özünü o qədər də doğrultmadı. Bildiyimə görə müvafiq nazirlik bu yardımın yeni modeli üzərində işləyir və onun daha aydın və konkret kriteriyalar üzrə verilməsini təmin etmək istəyir. Bundan savayı yaxşı olardı ki, dəfələrlə təklif etdiyimiz pilot layihələr əsasında, yəni aztəminatlı ailələrə mikrokreditlər verməklə, onlara iş yerləri açmaqla onları işlə təmin edək və bu pilot layihələr daha geniş vüsət alsın, daha sürətlə həyata keçirilsin. Bir sözlə insanları ələbaxımlıqdan tədricən azad edək və özünü təmin etməyə öyrədək. Bu çox vacib və aktual məsələdir.
Əlbəttə ki, sadaladığım problemlər demək istədiyimin heç də hamısı deyil. Məni, məsələn, ikinci dərəcəli kənd yollarının tikintisi üçün ayrılan pulların səmərəsiz istifadəsi, təzə tikilən məktəblərin əksəriyyətində istilik sistemlərin olmaması, kəndlərimizdə münbit torpaqların əkib-becərilməməsi, iri qəsəbə və kəndlərimizdə cavanlarımızın asudə vaxtlarını keçirməsi üçün şəraitin olmaması  məsələləri narahat edir. Bir sözlə, problemlər nailiyyətlər kimi hələ çoxdur və biz onları görməli, üzə çıxarmalı və həll etməliyik.
Digər məsələ ictimai xidmət yerlərində, yəni restoran, şadlıq sarayları, kafe və uşaq bağçalarının mətbəxlərində sanitar-gigiyenik vəziyyətlə bağlıdır. Bildiyimiz kimi, respublikada hepatit B və C virusu, müxtəlif qurd infeksiyaları, hətta tuberkulyoz geniş yayılmaqdadır. Bunun yayılma mənbələrindən biri də sadaladığım yerlərdə sanitar-gigiyenik normalara riayət edilməməsidir. Söhbət ondan gedir ki, iaşə obyektlərdə çalışan insanlar sovet dövründə ildə iki dəfə dövlət səhiyyə müəssisələrində tibbi müayinədən keçirdi, ən əsası da təhlükəli virusların qanda, tuberkulyoz əlamətlərinin ağ ciyərdə olub-olmaması yoxlanılırdı. Hal-hazırda bir sıra yerlərdə, məsələn böyük otellərdə buna riayət edilir, amma əksər sahibkarlar da bundan yayınırlar. Misal gətirim, bu yaxınlarda Bakının mərkəzində yerləşən böyük əyləncə mərkəzinin rəhbərliyi belə bir yoxlamanı özü təşkil etdi və nəticədə mətbəxdə çalışan 30-40 işçidən 14 nəfərinin hepatit B və C virusunun daşıyıcısı olduğu üzə çıxdı, hələ mən başqa infeksion xəstəlikləri demirəm. İstərdim ki, iaşə obyektlərinə rəhbərlik edən digər şəxslər də belə prinsipiallıq göstərsin və öz işçilərini tibbi yoxlamardam vaxtaşırı keçirtsinlər, ikincisi isə Səhiyyə Nazirliyinin tabeliyindəki Sanitar-Epidemioloji Xidmət bu işə çox ciddi yanaşsın, bütün obyektlərdə ciddi yoxlamalar aparılsın. Bir xahişim də ondan ibarətdir ki, belə yoxlamalar ancaq Səhiyyə Nazirliyinin müvafiq dövlət qurumlarında aparılsın, özəl tibb klinikalara sağlamlıq haqqında arayış verilməsi qadağan olunsun. Tibbi yoxlamalar da görüntü xarakteri daşımasın, çünki söhbət millətin, bizim və ailə üzvlərimizin  sağlamlığından gedir.
Mən dövlət nümayəndəmizə can sağlığı arzu edir, bayramını təbrik edirəm, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi işində uğurlar diləyirəm".

Aytən Zəhra
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı