Modern.az

Mirzoyanın müavini Aİ missiyası ilə bağlı yeni detallar AÇIQLADI

Mirzoyanın müavini Aİ missiyası ilə bağlı yeni detallar AÇIQLADI

Dünya

19 Mart 2024, 14:46

"Ermənistan həm Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinə, həm də təhlükəsizlik sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bütün təşəbbüslərə böyük əhəmiyyət verir".

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bu barədə parlamentdə Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Avropa İttifaqının Ermənistandakı missiyasının statusu haqqında sazişin ratifikasiya layihəsini təqdim edərkən bildirib.

 

Nazir müavininin sözlərinə görə, saziş Avropa İttifaqının missiyasına və onun əməkdaşlarına şamil edilir və yalnız Ermənistan Respublikası ərazisində qüvvədədir.

 

“Aİ-nin Ermənistandakı missiyası bu saziş çərçivəsində öz funksiyalarını yerinə yetirərkən müstəqil fəaliyyət göstərir. Saziş Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, missiyaya və onun əməkdaşlarına şamil edilir və Ermənistan Respublikası ərazisində Nümayəndəliyin funksiyalarını müəyyən edir. Missiyanın fəaliyyəti təkcə Ermənistanın şərq sərhədlərinin sabitliyinin təmin edilməsi baxımından deyil, həm də Aİ-Ermənistan siyasi münasibətlərinin yaxınlaşması proseslərinin sürətləndirilməsi nöqteyi-nəzərindən tənzimlənir.

 

Aİ-nin Ermənistan Respublikasındakı missiyası, o cümlədən onun tərkib hissələri, bölmələri, baş ofisləri və personalı Ermənistan Respublikasının gömrük və vergi məsələləri üzrə səlahiyyətli qurumları tərəfindən diplomatik statuslu nümayəndəliklər kimi nəzərdən keçiriləcək”, - nazir müavini bildirib.

 

Safaryan əlavə edib ki, saziş həmçinin Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinin təmin edilməsinə yönəlmiş müvafiq qurumların funksiyalarını, sərhədi keçmə prosedurlarını, Ermənistan ərazisi daxilində hərəkəti, missiyaya verilən imtiyaz və immunitetləri, təhlükəsizlik və informasiyanın əldə edilməsi ilə bağlı digər məsələləri, habelə hüquqi yurisdiksiyanı dəqiqləşdirir.

Bu xəbər ilə bağlı
Ermənistandakı avropalı müşahidəçilərə toxunulmazlıq veriləcək
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir